Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - FOTO - VİDEO - YENİLƏNİB

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - FOTO - VİDEO - YENİLƏNİB

Tbilisidə hakim "Gürcü Arzusu partiyasının "xarici təsir" qanunu əleyhinə etiraz aksiyası davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Qəhrəmanlar meydanına yürüş edən minlərlə etirazçı artıq 1 saatdan çoxdur, paytaxtın əsas nəqliyyat qovşağını tutaraq avtomobillərin hərəkətini bloklayıb.

Nəticədə şəhərin bir sıra mərkəzi küçələrində nəqliyyat iflic olub, böyük tıxaclar yaranıb.

Nümayişçilər qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirir, Gürcüstanın dövlət himnini oxuyurlar.


***
21:27

Tbilisidə etirazçılar paytaxtın əsas nəqliyyat qovşağını iflic ediblər.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlament binasının qarşısına toplanmış minlərlə etirazçı buradan Rustaveli prospekti ilə Qəhrəmanlar meydanına yürüş ediblər.

Nəticədə Tbilisinin əsas nəqliyyat qovşağı da daxil olmaqla bir sıra mərkəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti tam dayanıb.

***
19:59

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyaçılar yenidən Rustaveli prospektini avtomobillər üçün bağlayıblar.

Etirazçılar hakim partiyanın "xarici təsir" qanunu əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Əraziyə təcili yardım maşınları cəlb edilib.