Bakıda Pakistanın tarixindən bəhs edən kitabın təqdimatı baş tutub - FOTO

Bakıda Pakistanın tarixindən bəhs edən kitabın təqdimatı baş tutub - FOTO


Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyevanın "Mədəni Sərhədlərin Qovşağında Bədii Təfəkkür" kitabının təqdimatı keçirilib.

APA xəbər verir ki, kitabda qədim və zəngin tarixə malik Pakistanın tarixi ənənələri, mədəniyyəti, ədəbiyyatı, yerli əhalinin həyatı, cəmiyyətdə mövcud olan dini tolerantlıq ənənələrindən bəhs olunur.

Kitabın müəllifi bildirib ki, nəşr Azərbaycanla Pakistan arasında tarixi dostluq və tərəfdaşlıq əlaqələrinə töhfədir

"Kitabımda Azərbaycan oxucusunu Pakistanın zəngin mədəniyyəti ilə yaxından tanış etmək istəmişəm. Hesab edirəm ki, bu kitab onların bu gözəl ölkə haqqında daha ətraflı məlumat almasına xidmət edəcək. "Mədəni Sərhədlərin Qovşağında Bədii Təfəkkür" kitabının həm azərbaycanlıların, həm də Pakistan xalqının masaüstü kitabına çevriləcəyinə ürəkdən inanıram".

Millət vəkili Rafael Hüseynov isə vurğulayıb ki, bu kitabın daha bir üstünlüyü həm də Pakistanın zəngin Ədəbiyyatından zəngin bir əsər olmasındadır.

O həmçinin Azərbaycan-Pakistan əlaqələrindən danışıb:

"Azərbaycanla Pakistanı çox qədim tarixi köklərə söykənən dostluq münasibətləri birləşdirir. Bunu da demək istəyirəm ki, Azərbaycanda Pakistandan gələn qonaqlara münasibət digər ölkələrdən olanlara nisbətən daha səmimidir. Bunun daha bir səbəbi isə Azərbaycanın işğal faktorundan əziyyət çəkdiyi dövrdə Pakistanın ölkəmizə verdiyi dəstək idi. Çünki Pakistan Ermənistanı bir dövlət kimi tanımırdı. Artıq işğal dövrü arxada qalsa da, biz tarixi unutmuruq. Azərbaycan-Pakistan dostluğu və qardaşlığı möhtəşəm bir saray kimidir. Hər bir azərbaycanlı, hər bir pakistanlı bu sarayın həmişə vüqarla ucalsın deyə səy göstərməlidir".

Pakistanlı senator Müşahid Hussain Syed Azərbaycanı vaxtilə işğal altında olan torpaqlarının azad etməsi münasibətilə təbrik edib:

"Pakistan Parlamenti vaxtilə Xocalı soyqırımının tanınması ilə yanaşı, Ermənistanın işğalı əleyhinə daha iki qətnamə qəbul edib. Azərbaycan vaxtilə xalqın Ümummilli Lideri Heydər Əliyevin dövründə misilsiz uğurlar əldə edib. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Bizim ölkəni Azərbaycanla ortaq mədəniyyət birləşdirir. Nizami Gəncəvi əsərlərini Fars dilində yazıb. Mövlanə Cəlaləddin Rumi Pakistanda çox gözəl tanıyır və onun zəngin fikirlərini tədqiq edirlər".

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee isə Azərbaycanın zəngin ədəbi ənənələrindən danışıb.

Bildirib ki, ölkəsində istər Nizami Gəncəvi, istər Xurşidbanu Natəvan, istərsə də Azərbaycan Ədəbiyyatının digər nümunələrinin əsərləri sevilərək oxunur:

"Nizami Gəncəvi yalnız sülhpərvər, insanlara sevgi aşılayan əsərlər yazıb. Onların arasında "Leyli və Məcnun" əsərini qeyd etmək istəyirəm. Bu əsər Pakistan oxucusuna yaxşı tanışdır. Mahirə Hacıyeva bu kitabında oxuculara Pakistan Ədəbiyyatı barədə həm Azərbaycan, həm də ingilis dilində ətraflı məlumat verir. Ölkələrimizin arasında mükəmməl əlaqələr var. Hesab edirəm ki, bu kitab hələ uzun illər oxuculara zəngin məlumatların çatdırılmasına xidmət edəcək".

Təqdimatda qeyd olunub ki, "Mədəni Sərhədlərin Qovşağında Bədii Təfəkkür" kitabı alimlərin öz araşdırmalarında istifadə edə biləcəyi çoxşaxəli informasiya ilə zəngindir.