Energetika nazirinin müavini: "Özbəkistan Avropanı elektrik enerjisi ixracı üçün əsas bazar hesab edir"

Energetika nazirinin müavini: "Özbəkistan Avropanı elektrik enerjisi ixracı üçün əsas bazar hesab edir"

Özbəkistan Avropanı elektrik enerjisi ixracı üçün əsas bazar hesab edir.

“Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov Daşkənd İnvestisiya Forumu çərçivəsində deyib.

“Biz Qazaxıstan və Azərbaycanla birlikdə Xəzərin dibi ilə Rumıniyaya, daha sonra isə digər Avropa ölkələrinə elektrik enerjisi nəqlini nəzərdən keçiririk”, - Ü.Mamadaminov vurğulayıb.

Onun sözlərinə görə, Özbəkistanın Qaraqalpaqıstan, Xorəzm, Buxara və Nəvai regionları “yaşıl enerji”yə dair yüksək potensiala malik bölgələr hesab olunur:

“Günəş və külək enerjisinin potensialı 300 GVt-dan çoxdur. Bu həcmdə elektrik enerjisi üçün bazarlar tapmaq lazımdır. Əsas bazarımız Avropadır”.

Ü.Mamadaminov əlavə edib ki, Azərbaycan uzun müddət əvvəl Gürcüstan və Qara dəniz üzərindən şəbəkələr qurmaq barədə razılığa gəlib.

Xatırladaq ki, mayın 1-də Daşkənd İnvestisiya Forumu çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında Avropaya “yaşıl elektrik enerjisi”nin tədarükü üçün enerji sistemlərinin inteqrasiyasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.