Azərbaycan millisinin baş məşqçisi: Monteneqrodakı turnir Avropa çempionatı ərəfəsində xeyrimizə olacaq

Azərbaycan millisinin baş məşqçisi: Monteneqrodakı turnir Avropa çempionatı ərəfəsində xeyrimizə olacaq

Əsas məqsədimiz istədiyimiz taktikanı sınamaq və fiziki durumumuzu görmək idi. Düşünürəm ki, bu turnir Avropa çempionatı ərəfəsində xeyrimizə olacaq.

Bunu “Report”a açıqlamasında Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olan Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev söyləyib.

O, baş mükafatını qazandıqları yarışla bağlı təəssürtlarını bölüşüb: “Maraqlı oyunlar alındı. Qarşıda bir ay vaxtımız var. Daha yaxşı hazırlaşıb Avropa çempionatına yollanmaq istəyirik. Uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Amma yenə də görüləcək işlərimiz var. Çatışmayan tərəflərimiz üzərində çalışıb, daha ideal hazırlıq dönəmi keçmək istəyirik”.

Mütəxəssis nəticənin onlar üçün o qədər də önəmli olmadığını söyləyib: “Komanda Monteneqroya təlim-məşq toplanışına gəlmişdi. Əslində nəticə bizim üçün o qədər də önəmli sayılmırdı. Düzdür, turnirdəki komandaların hamısı Avropa çempionatında iştirak edəcək. Əsas məqsədimiz istədiyimiz taktikanı sınamaq və fiziki durumumuzu görmək idi. Şükürlər olsun ki, yaxşı keçdi. Son dünya çempionu Rumıniya ilə iki oyun keçirdik”.

“Bizim üçün çox lazımlı oyunlar idi. O baxımdan ki, uşaqlar dünya çempionlarını udmağın mümkünlüyünü də görsünlər. Monteneqro ilə də iki matç keçirdik. Avropa çempionatına ev sahibliyi edəcək Bosniya və Herseqovinaya qarşı görüş də maraqlı alındı. Düşünürəm ki, bütün bunlar xeyrimizədir”, - deyə E.Quliyev bildirib.

Qeyd edək ki, Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub. Yığma həlledici oyunda son dünya çempionu Rumıniyaya 5:4 hesabı ilə qalib gələrək, baş mükafatı qazanıb.