"Sumqayıt"ın baş məşqçisi: Xuan Laporta "Barselona"nı seçməyimdən məmnun olduğunu bildirdi - MÜSAHİBƏ

"Sumqayıt"ın baş məşqçisi: Xuan Laporta "Barselona"nı seçməyimdən məmnun olduğunu bildirdi - MÜSAHİBƏ

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov ötən həftə təcrübə məqsədi ilə İspaniyada olub. 46 yaşlı mütəxəssis səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirib. O, “Barselona”nın prezidenti Xuan Laporta və baş məşqçisi Xavi ilə bir araya gəlib. S.Abasov İspaniya təəssüratlarını, bütün yadda qalan məqamları və ümumilikdə "Sumqayıt"ın son durumu ilə bağlı “Report”un suallarını cavablandırıb.

- Təxminən bir həftə İspaniyada səfərdə oldunuz. Sizi müsbət və mənfi mənada nə təəccübləndirdi?

- İspaniya səfəri mənim üçün çox səmərəli və yaddaqalan keçdi. Mənfi tərəfi barədə deyə bilməyəcəyəm, çünki belə bir hadisə olmadı. Müsbət tərəflərinə gəldikdə, gözəl təcrübə, yeniliklər və maraqlı görüşlərlə yadda qaldı. Biliklərimi artırdım.

- Azarkeşi olduğunuz “Barselona” klubunun prezidenti Xuan Laporta ilə görüş barədə nə deyə bilərsiniz?

- Tək Xuan Laporta yox, digər insanlar da mənə çox isti münasibət göstərdilər. Azərbaycandan gəldiyimizi biləndə olduqca xoş qarşıladılar. Klub prezidenti təcrübə üçün "Barselona"nı seçməyimdən məmnun olduğunu bildirdi.

- Növbəti gün “Barselona”dan olan həmkarınız Xavi ilə bir araya gəldiniz və onunla dialoqunuz diqqəti cəlb etdi. Orada futbolçu olduğunuz dönəmdə üz-üzə gəldiyiniz Azərbaycan – İspaniya oyununu müzakirə edirdiniz?

- Xavinin mənimlə səmimi və xoş söhbəti çox xoşuma gəldi. Bir müddət danışdıq və o, daha əvvəl İspaniya millisinin heyətində Bakıda Azərbaycana qarşı meydana çıxmasından söhbət açdı. Həmin matçda mənim də ona qarşı forma geyindiyimi xatırlatdım. Xavi daha sonra İspaniya yığmasının 2010-cu ildə dünya çempionatına getməsindən və mundialın qalibi olmasından bəhs etdi.

- İspaniya təcrübəsi sizə nəyi öyrətdi? Orada öyrəndiyiniz hansı yeniliyi “Sumqayıt” komandasında tətbiq edəcəksiniz?

- Ümumiyyətlə, İspaniya səfəri mənə bir çox şeyi öyrətdi. Lakin bu o demək deyil ki, orda gördüklərimin eynisini futbolçularıma tədbiq edəcəyəm. Orada bir çox suallarıma cavab ala bildim. Təcrübə baxımından çox xeyirli səfər oldu.

- “Sumqayıt”dan söz düşmüşkən, komandanız Azərbaycan Premyer Liqasında 50 xalla ikinci pillədə qərarlaşıb və gümüş medala namizədlərdən biridir. Mövsümün sonuna qədər mövqeyinizi qoruya biləcəksiniz?

- Nə qədər çətin olsa da, mövqeyimizi qorumağa çalışacağıq. Çünki qarşıdan gələn oyunlar taktiki yox, psixoloji cəhətdən çətin olacaq. Çalışıb sakitliyimizi və sabit oyunumuzu qoruyacağıq. Bundan başqa, rəqib komandaların nəticələri də bizim üçün əhəmiyyət kəsb edir. Çünki turnir cədvəlində bizə yaxın olan rəqib qələbə qazananda, bu birbaşa komandanın psixologiyasına təsir edir. Ona görə sakit olub, öz oyunumuzu sərgiləməliyik.

- Avrokuboklara vəsiqə qazansanız, heyətə yeni legionerlər cəlb edəcəksiniz?

- Bəli. İnşallah, hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Buna nail olsaq, artıq yeni futbolçuların transferinə zərurət yaranacaq. Çünki qitəmiqyaslı turnirlərin şərtləri də başqa olur. Hər şeyi zaman göstərəcək.

- Premyer Liqanın XXXII turunda Azərbaycan çempionu “Qarabağ”ı məğlub etdiyiniz matçı İspaniyadan televizor vasitəsi ilə izlədiniz. Hansı hissləri keçirdiniz?

- Oyunu İspaniyadan izləyirdim, hədsiz sevdindim. Buna tək mən yox, sonradan gördüm ki, bütün Sumqayıt sakinləri sevinir.

- Həmin görüşdə əvəzedicilərdən ibarət komandanızın üzvü, 18 yaşlı Xəyal Fərzullayevin “Sumqayıt”ın qapısını qoruması hər kəsi təəccübləndirdi. Bu, sizin ideyanız idi, yoxsa köməkçiniz Mübariz Orucovun?

- Yox, Mehdi Cənnətov "Turan Tovuz"la qarşılaşmada sarı vərəqə limitini doldurduğundan biz artıq "Qarabağ"la oyun barədə planlar qurmağa başlamışdıq. İspaniyada olarkən hər gün futbolçuların durumu barədə məlumatlar alırdım. Mənə bildirdilər ki, Xəyal Fərzullayev həftəsonu Əvəzedicilər Liqasında özünü yaxşı tərəfdən göstərib. Biz də ona şans verdik.

- Baş məşqçisi olduğunuz komanda ilə bağlı son dövrlər neqativ fikirlər səslənir. Xüsusi ilə “Turan Tovuz”la oyundan öncə hakimlərin “Sumqayıt”a simpatiya bəsləyəcəyi barədə düşüncələr dolaşırdı. Bu barədə nə düşünürsünüz?

- Belə düşüncələr olduqca yanlışdır. Bu cür fikirləri beynimizə salıb, işimizi pozmaq istəmirəm. Komandamız çox yaxşı futbol oynayır, bizə heç kimin köməyi lazım deyil. Öz oyunumuza, futbolçularımıza və azarkeşlərimizə güvənirik.

- Azərbaycanda ən yaxşı infrastruktura malik “Qəbələ”nin Premyer Liqada sonuncu olacağı rəsmiləşib. Sizcə, bölgə təmsilçisi çempionatın relqamentinə uyğun yeni mövsümdən etibarən I Liqada çıxış etməlidir, yoxsa komanda sayının artırılması daha yaxşı olardı?

- Bu sualınıza verilə biləcək cavabım həqiqətən yoxdur. Sadəcə, bir məsələni qeyd etmək istəyirəm. “Qəbələ”ni bu vəziyyətdə görmək mənim üçün çox üzücüdür.