Türkiyə avarçəkəni: “Prezident Kuboku 2024” beynəlxalq reqatası çox həyəcanlı və maraqlı idi

Türkiyə avarçəkəni: “Prezident Kuboku 2024” beynəlxalq reqatası çox həyəcanlı və maraqlı idi

Hava şəraiti bizim üçün bir qədər çətin olsa də, yarış çox həyəcanlı və maraqlı idi.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə təmsilçisi Naci Oğuzhan Baydemir akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə jurnalistlərə açıqlamasında deyib.

2006-2007-ci il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayak yarışında gümüş medal əldə edən idmançı ilk dəfə bu yarışa qatıldığını söyləyib: "Rəqib məndən daha tez başladığı üçün salisə fərqi ilə qızıl medalı əldən verdim. Azərbaycanlı qardaşımız Amil Ramazanovu bürünc medal qazanması münasibətilə təbrik edirəm. Təbii ki, hədəfim 1000 metr məsafəyə mübarizədə birinci olmaqdır”.

Qeyd edək ki, mayın 3-də başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Ötən gün Azərbaycan təmsilçilərindən Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb. O, 200 metr məsafəyə kayakla yarışda fərqlənib.