Bu günədək 400-ə yaxın qeyri-yaşayış obyekti dövlət qeydiyyatına alınıb

Bu günədək 400-ə yaxın qeyri-yaşayış obyekti dövlət qeydiyyatına alınıb

Bu günədək Azərbaycanda 384 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin olunub.

Bu barədə “Birxeber.Az”a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində ölkədə 5 929 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib.

Mülkiyyət sənədlərini - qeyri-yaşayış binalarına dair çıxarışı və texniki pasportu əldə edənlər arasında paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sahibkarlar da vardır.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.