Beynəlxalq Türk Akademiyasının prezidenti: Türklər Şərq və Qərb sivilizasiyaları arasında müstəsna rol oynayıb

Beynəlxalq Türk Akademiyasının prezidenti: Türklər Şərq və Qərb sivilizasiyaları arasında müstəsna rol oynayıb

Türk faktoru, türk xalqları Şərq və Qərb sivilizasiyaları arasında müstəsna rol oynayıb.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci gününün "Üfüqləri birləşdirərək: "İpək Yolu proqramının müasir trendləri və qlobal təsiri" mövzusunda keçirilən 8-ci panel sessiyasında deyib.

O, Orta Şərq və Mərkəzi Asiya üzrə araşdırmalar aparıldığını bildirib:

"Biz türk dünyasının və Azərbaycanın İpək Yolu üzərindəki rolunu müəyyənləşdirməliyik. Tarixdə qlobal layihələr olub və bu layihələrin həyata keçirilməsində türk xalqları da rol oynayıb. İpək Yolu da bu layihələrdən biridir. Onun ortaya çıxması türk xalqlarının adı ilə çox bağlıdır. İpək Yolunun yaradılmasında məqsəd müttəfiqlərin tapılmasından ibarət idi. Bu yol yaranarkən çinlilər özlərini mədəniyyətin mərkəzi hesab edirdilər. Amma onlar sonra gördülər ki, Mərkəzi Asiyada güclü mədəniyyəti olan dövlətlər var. İpək Yolu vasitəsilə Avrasiya qədər bir yol açıldı. Türk dili və mədəniyyətinin Avrasiyaya qədər yayılması da İpək Yolu hesabına baş verib. Azərbaycan tarixən İpək Yolunun əsas hissəsində yerləşib. İpək Yolu siyasi, iqtisadi, mədəni münasibətlərə təsir göstərirdi və Azərbaycanın da burada seçilən bir məkan olmasına rəvac verirdi".

UNESCO-nun İpək Yolu Proqramının mütəxəssisi Mehrdad Şahabanq isə İpək Yolunun coğrafi miqyasından söz açıb:

"İpək Yolu Anadoluya qədər gedib çıxırdı. Biz İpək Yolları ifadəsini işlətməliyik, çünki orada bir yox, bir neçə yollar vardı. Millətlərarası kommunikasiyada İpək Yolu çox böyük rol oynayıb. Texnoloji biliklərin ötürülməsində İpək Yolunun rolunun nədən ibarət olmuş olduğuna gəldikdə isə deyə bilərəm ki, müalicə vasitələrinin, dərmanların yayılmasında İpək Yolu rol oynayıb. Dərmanlar regionlar arasında paylana bildi. İnsanlar başqa mədəniyyətdən öyrəndiyi şeyləri öz mədəniyyətlərinə inteqrasiya etməyi bacardılar. Məsələn, çay Şərqi Asiyada dərman kimi istifadə olunurdu, amma İpək Yolu vasitəsilə müxtəlif regionlara keçdikcə digər regionlar öz qonaqpərvərliyini göstərmək üçün onu qonaq qəbul edərkən istifadə etməyə başladılar. Bu gün bəzi regionlarda çayın haradan gəldiyini soruşsanız, onlar bunun öz mədəniyyətlərində olduğunu, həmişə istifadə etdiklərini söyləyərlər. Halbuki bu, İpək Yolunun möcüzəsidir. Texnoloji baxımdan naviqasiyalardan istifadə artmağa başladı, dəniz naviqasiyasına tələb artdı. Ərəblərin səhralardakı naviqasiya biliklərini digər regionlar dənizlərə daşıdı. Bu da texnoloji biliklərin paylaşılması hesab edilə bilər".

Şri-Lankanın UNESCO yanında daimi nümayəndəsi Manişa Qunasekera vurğulayıb ki, İpək Yolunun inkişafında hər bir region böyük rol oynayıb.

Qazi Universiteti Təhsil Fakültəsi Sosial Elmlər Təhsili Bölməsindən professor Bulent Aksoy paneldə İpək Yolunun qlobal ticarətdə böyük rol oynamasına diqqət çəkib:

"İlk olaraq mən onun Sırdəryaya, Düşənbəyə qədər olan hissəsinin türk dünyasına böyük təsir göstərdiyini deyə bilərəm. İpək Yolu sayəsində müxtəlif anlayış və imkanlar formalaşıb. O, çox mötəbər şəkildə elmi biliklərin ötürülməsinə, texnologiyanın inkişafına imkan yaradıb. İpək Yolu ekoloji transferə yol açırdı. Çində istehsal olunan məhsullar İpək Yolu coğrafiyasında yayılırdı".