“Sabah”ın yeni baş məşqçisi: “Azərbaycan basketbolunda vəziyyət xeyli dəyişib”

“Sabah”ın yeni baş məşqçisi: “Azərbaycan basketbolunda vəziyyət xeyli dəyişib”

“Azərbaycan basketbolunda vəziyyət xeyli dəyişib”.

“Birxeber.Az”un məlumatına görə, bunu “Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytis ölkəsi Litvada “15min.lt” saytına açıqlamasında deyib.

63 yaşlı mütəxəssis yeni təyin olunduğu klubda maliyyə durumunun yaxşı olduğunu bildirib: “Rəqabətli liqa yaradılıb. “Sabah” futbol klubunun himayəsi altında yaradılan eyniadlı basketbol komandası Azərbaycan çempionu olub. Litvanın heç də bütün klubları əcnəbi basketbolçulara “Sabah” qədər maaş verməyə hazır deyil”.

2002-2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş təcrübəli çalışdırıcı sabiq komandası “Qala”dakı dönəmi də yada salıb: “18 ildən sonra qayıdıram. Azərbaycanda olmuşam, orada işlərin necə getdiyini, hamımızın sıfırdan necə başladığımızı bilirəm. Liqa qurduq, milli komanda yığdıq, yığma ilə İslamiadanı qazandıq. Yeri gəlmişkən, yarımfinalda bir neçə il sonra Yay Olimpiya Oyunlarında çıxış edən İrana qalib gəldik. Düzü, “Qala” klubunun hələ də mövcud olub-olmadığını bilmirəm”.

Qeyd edək ki, Rimas Kurtinaytis “Sabah”la 1,5 illik müqavilə bağlayıb.