MSK sədrinin müavini: "İndiyədək 750 beynəlxalq müşahidəçi rəsmi olaraq seçkilərin müşahidəsi prosesinə qoşulub"

MSK sədrinin müavini: "İndiyədək 750 beynəlxalq müşahidəçi rəsmi olaraq seçkilərin müşahidəsi prosesinə  qoşulub"

Bu günə qədər emal olunmuş məlumata əsasən ümumilikdə 61 qurum və 88 ölkənin təmsilçiləri olan 750 beynəlxalq müşahidəçi artıq seçkilərin müşahidəsi prosesinə rəsmi olaraq qoşulub.

Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

Qurum rəsmisinin sözlərinə görə, beynəlxalq aləmin seçkilərə marağı göz qabağındadır: “Beynəlxalq müşahidəçilərin akkreditasiyası daxil olmuş sənədlərə əsasən aparılır. Bu günə qədər emal olunmuş məlumata əsasən, ümumilikdə 59 qurum və 87 ölkənin təmsilçiləri olan 742 beynəlxalq müşahidəçi artıq seçkilərin müşahidəsi prosesinə rəsmi olaraq qoşulub. Bu da yüksək bir göstəricidir.”.

O qeyd edib ki, onların bir qismi seçkiyə 3-4 gün qalmış respublikada olacaqlar: “Nəzərə almaq lazımdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 236 nəfərlik heyəti də bu siyahıda öz əksini tapır, eyni zamanda ATƏT Parlament Assambleyasının 94 nəfər nümayəndəsi də müşahidəçilər qrupuna qoşulub. Bundan başqa, müşahidə prosesində Türk Dövlətləri Təşkilatının Parlamentlərarası Assambleyası böyük nümayəndə heyəti ilə iştirak edir. Digər bir qrup Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasıdır ki, onların və ATƏT-in uzunmüddətli müşahidəçiləri yanvar ayının əvvəllərindən seçkilərə hazırlıqla bağlı müşahidələrə başlayıblar”.

R.Qasımov vurğulayıb ki, bu, hələ son rəqəm də deyil, təbii ki, artacaq: “Ümumilikdə, bu qədər şəxsin seçkilərdə iştiraka meyilli olması beynəlxalq aləmin marağının təcəssümüdür”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımovla müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.