MTK-ların mənzil satışı vahid elektron platforma üzərindən aparılacaq

MTK-ların mənzil satışı vahid elektron platforma üzərindən aparılacaq

Azərbaycanda MTK-lardan mənzil almaq vahid elektron platforma üzərindən mümkün olacaq.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.

O bildirib ki, MTK-lardan mənzil əldə edən şəxslərin həmin korporativin üzvlük mərhələsindən başlayaraq üzv olması, payçı kimi daxil edilməsi, pay ödənişlərini etməsi, yekunda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsi vahid elektron sistem üzərindən həyata keçiriləcək: “Vətəndaş mənzil aldıqda onun mənzilin istismarına icazə verilmiş binadan olub-olmadığını görmək imkanınız olacaq. Çünki aidiyyəti dövlət qurumundan bu məlumat dataya ötürüləcək. Vətəndaş mənzili seçəcək, üzvlük məsələləri həll olunacaq, ödənişləri həmin sistem vasitəsilə edəcək, yekunda bu portaldan kənar hansısa bir mənzil satışı baş verə bilməyəcək. Artıq bununla bağlı ölkə başçısı fərman verib. Həmin sistemin necə işləməsi, hansı strukturların ora inteqrasiya edilməsi və Mülki Məcəllə başda olmaqla bir çox aidiyyəti qanunvericilik aktlarının dəyişiklik paketi hazırlanacaq. Hazırda bu proseslər gedir. Çox güman ki, yaxın 2-3 ayda aidiyyəti qurumlara razılaşmaya təqdim olunacaq".

Nigar Alimova əlavə edib ki, bununla da bütün proses vahid platforma üzərindən olacaq: “O platformadan kənar MTK-lardan ev almaq mümkün olmayacaq. Bu platformada payçıların ayrıca elektron kabinetləri olacaq. Platformadan kənar heç bir mənzil satışı legitim hesab edilməyəcək. Bu istiqamətdə bizdən asılı olan bütün tədbirləri bu il yekunlaşdıracağıq”.

O da qeyd edilib ki, ƏMDX-dən asılı olan tədbirlər bu il yekunlaşdırılacaq.