Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşağı kimi - Şimal-Cənub, yoxsa Şərq-Qərb? - TƏHLİL

Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşağı kimi - Şimal-Cənub, yoxsa Şərq-Qərb? - TƏHLİL

Beynəlxalq nəqliyyat dəhlizləri qlobal inteqrasiya prosesləri və qlobal əmək bölgüsü şəraitində dünya iqtisadiyyatının inkişafının ən mühüm amillərindən biridir. Dəhlizlər beynəlxalq iqtisadi əlaqələrin müxtəlif xarici iştirakçıları arasında sabit nəqliyyat əlaqələrinin yaradılmasını və fəaliyyətini təmin edir.

Qlobal iqtisadi proseslərin tərkib hissəsi olan Azərbaycanın da beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında rolu getdikcə artır və bu istiqamətdə öz səylərini əsirgəmir.

Bunun bariz nümunəsi kimi aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin müzakirə edilməsini xüsusi qeyd etmək lazımdır. Səfər zamanı layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 mln. ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir.

Bundan əlavə, səfər çərçivəsində Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü xüsusi əhəmiyyət daşıyan tədbir oldu. Səmimi şəraitdə keçirilən görüşdə SSRİ rəhbərliyində çalışarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu nəhəng layihənin həyata keçirilməsində rolu və verdiyi mühüm töhfələr xüsusi qeyd edildi. Bildirildi ki, hazırda Rusiya və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən BAM-ın tikintisi prosesində qarşıya çıxan texnoloji və təbii çətinliklərin aradan qaldırılmasında Heydər Əliyevin səyləri və qətiyyətli iradəsi mühüm rol oynayıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan nəqliyyat sektorunun inkişafına, onun nəqliyyat dəhlizlərində rolunun artmasına və tranzit potensialının genişləndirilməsinə böyük əhəmiyyət verir. Ölkənin nəqliyyat sektorunun inkişafının əsasında duran mühüm faktorlardan biri də infrastruktur layihələrinin həyata keçirilməsi və müasir standartlara cavab verən idarəetmə sisteminin qurulmasıdır. Bu istiqamətdə dövlət büdcəsindən vəsaitlər ayrılıb, kreditlər də cəlb edilib. Bu səylər nəticəsində 2024-cü ildə nəqliyyat sektorunun ÜDM-də payı 5,4%-dən 7%-ə yüksəlib.

Hazırki qlobal iqtisadi şərait və geosiyasi proseslər şəraitində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələsi daha da aktuallaşıb və gündəmdədir. Bir sıra dəhlizlərin kəsişməsində yerləşən Azərbaycanın onların əhəmiyyətlinin və yük ötürmə qabiliyyətinin artırılması istiqamətində aparılan işlər istiqamətində rolu daha da artıb.

Ölkəmiz hələ illər öncə beynəlxalq yükdaşımalarının inkişafı istiqamətində bir sıra işlər və proqramlar həyata keçirib. Belə ki, Dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.

Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımında ötən il noyabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planının əhəmiyyətini vurğulamaq lazımdır.

Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən, tədbirlər həyata keçirən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı.

Hazırda Şimal-Cənub dəhlizinin inkişafı, onun üzərindən hərəkətin təkmilləşdirilməsi istiqamətində ölkəmizdə işlər aparılır. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurma işləri aparılır.

Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur. Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km təşkil edir. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.

Onu da əlavə edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Vurğulamaq lazımdır ki, Şərqlə Qərb arasında ticari əlaqələrinin inkişafında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vacib rol oynayır və Azərbaycanı əhəmiyyətli tranzit daşımalar mərkəzinə çevirir. Hazırda 2017-ci ildə ilkin istifadəyə verilən dəmir yolu xəttinin modernləşdirilməsi işləri aparılır.

Belə ki, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahədə aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri yekunlaşmaq üzrədir. Sözügedən dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin BTQ-yə cəlb edilməsidir.

“Məqsədimiz BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırmaq, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməkdir. Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin həcminin artırılması artıq günün tələbidir, yeni reallıqdır. ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə bu çağırışlara cavab verməyə, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır”, - Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov qeyd edib.

Onu da əlavə edək ki, Gürcüstan dəmir yollarının, eləcə də BTQ-nin Gürcüstan ərazisindən keçən hissəsinin modernizasiya işlərinin bu il tamamlanması planlaşdırılır. Qeyd olunan işlər də marşrut üzrə yükdaşımaların artmasına və proseslərin sürətləndirilməsinə öz töhfəsini verəcək.

Belə ki, Azərbaycanın uğurla həyata keçirdiyi strategiya nəticəsində ölkəmiz dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas həlledici qüvvəyə çevrilib.

Son illər dünyada və regionda baş verən geosiyasi hadisələr nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşruta çevrilib. Çindən Avropaya gedən yük qatarı Orta dəhliz ilə 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir.

Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Asiya və Avropa arasında həlledici ölkəyə çevrilib, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağı, aparıcı ölkəsidir. Ən əsası isə Azərbaycanın təşəbbüsləri son nəticədə Xəzər üzərindən həm də türk dövlətlərini birləşdirən bir arteriya yaradır. Digər tərəfdən, 44 gün davam edən Vətən müharibəsində əldə olunan Zəfəri Azərbaycanın tranzit ölkə kimi potensialını daha da artırıb. Zəngəzur dəhlizinin açılması Azərbaycanın dünyada rolunun daha da artmasını şərtləndirəcək. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkün olacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək.

Ümumiləşdirərək qeyd etmək lazımdır ki, Azərbaycan öz təbii sərvətlərindən səmərəli istifadə etməklə bütün iqtisadiyyatını yüksədib, onu ən dinamik inkişaf edən iqtisadiyyatlardan birinə çevirə bilib. İnkişaf təkcə Azərbaycanda çox uzun tarixə malik olan neft-qaz sektoruna deyil, digər sənaye sahələrinə, o cümlədən nəqliyyat sektoruna da təsir göstərib.

İndi çox əlverişli coğrafi mövqeyə malik olan ölkə böyük nəqliyyat dəhlizlərinin tərkib hissəsidir, regional və beynəlxalq miqyasda iri nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı kimi çıxış edir. Bütün bu səylər, öz növbəsində, Azərbaycanın dünya bazarlarına etibarlı karbohidrogen tədarükçüsü olmaqla yanaşı, iri nəqliyyat qovşağına çevrilməsinə də imkan verəcək.