Rövzət Qasımov: “MSK azad edilmiş ərazilərdə yaşayan seçicilər üçün xüsusi formatlı bildirişlər hazırlayıb”

Rövzət Qasımov: “MSK azad edilmiş ərazilərdə yaşayan seçicilər üçün xüsusi formatlı bildirişlər hazırlayıb”

Azad edilmiş ərazilərdə yaşayan seçicilər üçün xüsusi formatlı bildirişlər hazırlanıb.

Bunu “Birxeber.Az”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır: “Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, seçki bülletenlərinin çatdırılmasını nəzərə almasaq, onları hazır adlandıra bilərik. 22 mindən artıq seçicimiz işğaldan azad olunmuş ərazilərdə olan məntəqələrin seçici siyahılarına daxil edilib. Onlar səsvermə hüququnu həmin məntəqələrdə reallaşdırmaq imkanı əldə ediblər”.

Qurum rəsmisi bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki 6 seçki məntəqəsində MSK-da akkreditə olunmuş təşkilatlardan biri - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək: “Həmin ərazilərdəki məntəqələrin hazırlığı prosesi tam başa çatıb və işğaldan azad olunmuş ərazilərimizdə səs verəcək seçicilərimiz artıq seçki günü öz hüquqlarını sərbəst şəkildə bu ərazilərdə reallaşdıracaqlar. Bu, tarixi bir şansdır və onlara qibtə etməmək mümkün deyil”.

R.Qasımov vurğulayıb ki, MSK işğaldan azad edilmiş ərazilərdə olan seçicilərimiz üçün xüsusi formatlı bildirişlər hazırlayıb, hansı ki, həmin bildirişlərin üzərində eyni zamanda təbrik mətni də yer alıb: “Bu, həqiqətən də əlahiddə və hər insanın həyatında çox rast gəlinməyən hallardandır”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımovla müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.