Ekspert: “Bakı ilə İrəvan arasında münasibətlərdə müsbət irəliləyiş var”

Ekspert: “Bakı ilə İrəvan arasında münasibətlərdə müsbət irəliləyiş var”

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müsbət irəliləyiş var ki, bu da 2024-cü ildə sülh sazişinin imzalanmasının mümkünlüyünə ümid etməyə əsas verir.

Bunu “Report”a açıqlamasında italiyalı analitik, Roma Sapienza Universitetinin beynəlxalq hüquq üzrə fəlsəfə doktoru Valentina Şabert deyib.

“Xarici vasitəçilərdən imtina edilməsi hər iki ölkəyə ciddi uğur qazandırıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında ötən il dekabrın 7-də aparılmış danışıqlar əhəmiyyətli məqam olub. Bu, ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün fundamental addımdır. Hərbi personal mübadiləsinə, eləcə də Ermənistanın Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək üçün namizədliyini dəstəkləməsinə imkan yaradıb”, - o vurğulayıb.

V.Şabertin sözlərinə görə, rəsmi Bakı və İrəvanın birgə bəyanatı sübut idi ki, tərəflərin qarşılıqlı xoşməramlılığı və siyasi öhdəliyi üç xüsusi elementə diqqət yetirməklə regional səviyyədə inkişaf etdirilə bilər: “Buraya birbaşa ikitərəfli qarşılıqlı fəaliyyət, xarici təzyiqin olmaması, beynəlxalq səviyyədə qarşılıqlı dəstək daxildir”.

Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan arasında normallaşmada müsbət dəyişikliklərə baxmayaraq, realist olmağa və tərəflərin hələ də razılaşa bilmədiyi məqamları xatırlamağa dəyər: “Birincisi, Azərbaycanın təklif etdiyi sülh sazişinin 5 maddəsindən yalnız 3-ü Ermənistan tərəfindən qəbul edilib, yəni qalan iki maddə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. İkincisi, ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın Ermənistanın suverenliyi ilə bağlı heç bir qeyd-şərtinin olmadığını dəfələrlə bəyan etməsinə baxmayaraq, regional nəqliyyat əlaqələri, xüsusən də Zəngəzur dəhlizi layihəsinin icrası gecikmənin digər elementi ola bilər”.