Politoloq: Qazaxıstan Cənubi Qafqazda sülh və sabitliyin təşviqində maraqlıdır

Politoloq: Qazaxıstan Cənubi Qafqazda sülh və sabitliyin təşviqində maraqlıdır

Qazaxıstan təkcə Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı deyil, həm də ətraf regionlarda sabitliyə böyük önəm verir.

Bunu "Report"a qazaxıstanlı politoloq, Avrasiya İnteqrasiya İnstitutunun direktoru Urazqali Selteyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilməsi planlaşdırılan görüşünə münasibət bildirərkən deyib.

O bildirib ki, Bakı və İrəvanın Almatıda nazirlər görüşünün keçirilməsi ilə bağlı qərarı hər iki ölkənin sülh prosesi çərçivəsində məsələləri həll etmək üçün siyasi iradəsinə sübutdur: “Biz də öz tərəfimizdən bunda maraqlıyıq. Bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana rəsmi səfər edib. Səfər zamanı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və inkişafı ilə bağlı danışıqlar aparılıb. Həmçinin, çox güman ki, gündəmin əsas məsələsi Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə bağlı məsələlərin müzakirəsi olub”.

U.Selteyevin sözlərinə görə, Qazaxıstan siyasi kontekstdən əlavə, iqtisadi səbəblərə görə də danışıqlar üçün platforma təklif etməyə hazırdır: “Söhbət, ilk növbədə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) və Zəngəzur dəhlizindən gedir. Ona görə də burada Qazaxıstanın həm münaqişənin sülh yolu ilə həllinə yönəlmiş siyasi, həm də iqtisadi maraqları var. Çünki Qazaxıstan iqtisadiyyatı da bu nəqliyyat və logistika marşrutlarının inkişafından asılıdır. Təbii ki, Almatıda planlaşdırılan danışıqlardan böyük gözləntilər olmamalıdır. Amma istənilən danışıqlar artıq böyük nəticə və ciddi dəyişiklikdir. Eyni zamanda, Qazaxıstan sülhməramlı təşəbbüsü öz üzərinə götürməyə çalışmır, sadəcə olaraq praqmatik addımlar atır. Bu, həm də Qazaxıstana etibar edildiyinin sübutudur”.