Baş Prokurorluqda Türkiyə ilə əməkdaşlıq müzakirə olunub

Baş Prokurorluqda Türkiyə ilə əməkdaşlıq müzakirə olunub

Baş Prokurorluqda Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının dəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründə ermənilərin Azərbaycanın tarixi, dini və mədəni abidələrinə qarşı törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan qaldırılması istiqamətində Qarabağda aparılan sürətli quruculuq-bərpa işləri barədə məlumat verib.

Həmçinin Kamran Əliyev qonaqlara Azərbaycanda həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıç hər iki ölkə arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirib.

Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.