Azərbaycan bilyardçısı: İlk beynəlxalq turnirimdə medal qazandığım üçün sevincliyəm

Azərbaycan bilyardçısı: İlk beynəlxalq turnirimdə medal qazandığım üçün sevincliyəm

İlk dəfə iştirak etdiyim beynəlxalq turnirdə medal qazandığım, ölkəmizi layiqincə təmsil etdiyim üçün çox sevincliyəm.

Bunu "Birxeber.Az"a açıqlamasında Gürcüstanı paytaxtı Tbilisidə keçirilmiş "Tbilisi Open 9-Ball"da ikinci yeri tutan Azərbaycan bilyardçısı Orxan Qubadov deyib.

O, Şərqi Avropa Bilyard Şurasının təşkilatçılığı ilə baş tutan yarışda 10 ölkədən 59 idmançının mübarizə apardığını söyləyib: "Azərbaycanın isə mənimlə birlikdə 6 təmsilçisi var idi. Finala yüksəlməyi və gümüş medalçı olmağı bacardım. Məndən başqa, komandamızdan 4 nəfər də yer tutmağa müvəffəq olub".

Orxan Qubadov yarışın gərgin və maraqlı alındığını vurğulayıb: "Mənim üçün yeni təcrübə oldu. Ümid edirəm ki, gələcəkdə daha çox idmançımız belə turnirlərdə iştirak edəcək və uğurlu nəticələr göstərəcək".

O, dəstəyə görə təşəkkür edib: "Azərbaycan Bilyard Federasiyasına yeni rəhbərlik seçilib, ən uğurlu və peşəkar idmançılarımızdan Seymur Məmmədov federasiyanın prezidenti olub. Qısa müddətdə ölkəmizdə bilyardın inkişafı üçün əməli addımlar atılır. Bu yarışda da ABF komandamızdan dəstəyini əsirgəməyib. İdmançılar olaraq, ölkəmizdə bilyardın tanınmasına, idmançıların yetişdirilməsinə daha çox diqqət və qayğı göstəriləcəyinə, mənim və digər idmançıların ölkəmizin adına daha çox uğur gətirəcəyinə əminəm. Bu yarışda məni və komanda yoldaşlarımı dəstəkləyən və əməyi olan hər kəsə təşəkkür edirəm".