Nazim Bəydəmirlinin məhkəməsi başlayıb - FOTO

Nazim Bəydəmirlinin məhkəməsi başlayıb - FOTO

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Birxeber.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Nazim Bəydəmirli cinayət işi materialları ilə tanış olmadığını deyib. O, dövlət tərəfindən təyin olunan müdafiəçidən imtina edib.

N. Bəydəmirlinin digər vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və yaxud cinayət işinə xitam verilməsini istəyib.

Nazim Bəydəmirli isə çıxışında heç bir cinayət törətmədiyini bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Mürsəl İbrahimov və Ədalət Bağırov tanınıb.

Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.