Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı müzakirə edib

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı müzakirə edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Səudiyyə Ərəbistanına işgüzar səfər çərçivəsində paytaxt Ər-Riyadda bir sıra qurumlarla görüşlər keçirib, potensial əməkdaşlığı müzakirə edib.

"Birxeber.Az" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, İslam Ticarət və İnkişaf Palatası (ICCD) ilə görüşdə tərəflər arasında birgə tədbirlərin təşkili və şirkətlər arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb, o cümlədən cari ilin may ayında İordaniyada keçirilməsi planlaşdırılan “Rəqəmsal iqtisadiyyat” və noyabrda Azərbaycanda baş tutması nəzərdə tutulan “Dayanıqlı kənd təsərrüfatı” tədbirləri barədə fikir mübadiləsi aparılıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP-29 çərçivəsində keçirilməsi planlaşdırılan Azərbaycanın ilk investisiya forumu haqqında məlumat verib, sözügedən platformanın ikitərəfli dayanıqlı tərəfdaşlıq baxımından önəmi vurğulanıb.

“Khattab Group” ilə görüşdə isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin investisiya potensialı, o cümlədən xüsusi iqtisadi zonalar, tətbiq olunan güzəşt və imtiyazlar barədə məlumatı diqqətə çatdırıb. Qrup ölkəmizə investisiya yatırılmasına maraq göstərib.