Zabratda yeniyetmənin döyülməsi ilə bağlı təhqiqat araşdırması başlanılıb

Zabratda yeniyetmənin döyülməsi ilə bağlı təhqiqat araşdırması başlanılıb

Yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini ərazi üzrə polis orqanına müraciət edərək cari il yanvar ayının əvvəlində 14 yaşlı oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməsini əks etdirən görüntüləri yayacağı ilə hədəsi ilə ondan müxtəlif məbləğlərdə pul aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirilib ki, daxil olan müraciətlə əlaqədar Sabunçu Rayon 15-ci Polis Bölməsində təhqiqat araşdırması başlanılıb. Hadisə yerinə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib, hadisə iştirakçılarının izahatları alınıb.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, şagirdin oxuduğu Bakı şəhəri 75 nömrəli tam orta məktəbdən APA-ya bildirilib ki, VIII sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb. Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.