Dövlət Komissiyasının katibi: Ermənistanda itkin düşmüş azərbaycanlılara aid meyit qalıqları dəfn olunub, onların da qaytarılacağına ümidimiz var - MÜSAHİBƏ

Dövlət Komissiyasının katibi: Ermənistanda itkin düşmüş azərbaycanlılara aid meyit qalıqları dəfn olunub, onların da qaytarılacağına ümidimiz var - MÜSAHİBƏ

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundovun Birxeber.Az-ya müsahibəsi

Hazırda Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı 3928 nəfərdir

- Vətən müharibəsində əldə olunmuş zəfərdən sonra vətəndaşların Dövlət Komissiyasına müraciətlərinin artdığı bildirilir. Bu müraciətlərdən sonra itkin düşmüş şəxslərlə bağlı siyahıda hansısa dəyişiklik olub? Hazırda Dövlət Komissiyasında birinci Qarabağ müharibəsi zamanı neçə nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır?

- Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Dövlət Komissiyasına birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələrindən çox saylı müraciətlər daxil olur. Bu müraciətlər iki istiqamətdədir. Birinci istiqamət itkin düşmüş şəxs kimi qeydiyyatda olan vətəndaşların taleyinin müəyyən olunması ilə bağlı ailələrin intensiv müraciətləridir. Əlbəttə ki, gündəlik iş prosesində biz onlarla davamlı şəkildə və müntəzəm işləyirik. Bununla bağlı Dövlət Komissiyasına həm vətəndaşlar özləri birbaşa müraciətlər edirlər, həm də “81-61” qaynar xəttinə gündəlik müraciətlər olur. Bu həm də onunla bağlıdır ki, Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində təxminən 11 minə yaxın şəxs barədə bioloji nümunələr toplanıb, sistemləşdirilmiş və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hərbi hospitalında yaradılmış molekulyar-genetik laboratoriya tərəfindən onların DNT profilləri çıxarılmışdır. Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlamışlar. Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi işi həyata keçirilir və bu meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır.

Müraciətlərin ikinci istiqaməti isə vaxtilə birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə itkin düşmüş yaxınları barədə müraciət etməmiş şəxslərdən daxil olur. Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra insanlarda itkin düşmüş yaxınlarının tapılması üçün böyük ümidlər yaranıb. Hazırda ailələr tərəfindən çoxsaylı müraciətlər davam edir. Paralel olaraq, həm Dövlət Komissiyasına, eyni zamanda, hüquq-mühafizə orqanlarına, xüsusilə Baş Prokurorluğa da müraciətlər daxil olur.

Daxil olmuş müraciətlərin təhlili, onlarla bağlı zəruri araşdırma və sənədləşmə işləri başa çatdırıldıqdan sonra Dövlət Komissiyasının sədri, cənab Əli Nağıyevin müvafiq göstərişinə əsasən artıq 30 nəfər birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Dövlət Komissiyasının əvvəlki statistikasına görə birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı 3890 nəfər idisə, hazırkı statistikaya əsasən bu say artıq 3920 nəfərdir. Ancaq müraciətlərin davam etdiyini nəzərə alsaq, bunun son say olmayacağını deyə bilərik.

- Mümkünsə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların ümumi statistikasına da nəzər yetirək...

Artıq ictimaiyyətə açıqlandığı kimi, Vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Bundan başqa, Vətən müharibəsindən sonra 2022-ci ilin mart ayında Azərbaycan Ordusunun 2 əsgəri Laçın rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi şəraitində itkin düşmüşlər. Əlbəttə ki, qeyd olunan 8 hərbçimiz də itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Beləliklə, ümumi statistik nəticəyə əsasən, hazırda Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı 3928 nəfərdir.

Vətən müharibəsində itkin düşmüş 6 hərbçiyə şəhid statusu verilib

- Vətən müharibəsində itkin düşmüş 6 hərbçinin tapılması üçün hansı işlər görülür?

- Bilirsiniz ki, üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi. Hətta valideynlərin istəyi nəzərə alınaraq, axtarış-araşdırma işlərinə onlar da cəlb edildi. Lakin aparılan axtarışlar nəticə vermədi və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alındılar. Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən 6 nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş 2 əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir.

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş hər iki tərəfə aid şəxslər barəsində əsas məlumatlar məhz Ermənistan tərəfindədir

- İşğaldan azad olunmuş ərazilərdə məzar yerlərinin axtarışı ilə bağlı aidiyyəti qurumların mütəxəssislərindən ibarət qrup yaradılıb. Həmin qrupun fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik. İndiyə qədər azad olunmuş ərazilərdə neçə kütləvi məzarlıq aşkar edilib, neçə şəxsə aid qalıq aşkarlanıb? Komissiyada daha hansı ərazilərdə kütləvi məzarlıq olması barədə məlumatlar var?

- Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Baş Nazirinin 2021-ci ildə verdiyi tapşırığa əsasən, meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət yaradılmışdır. Bu heyət fəaliyyətini davam etdirir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Komissiyasının qarşısına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi kimi vacib vəzifə müəyyən edilmişdir. Bu istiqamətdə ilk iş Şuşa rayonunun Daşaltı qəsəbəsində həyata keçirilmişdir. 2021-ci ilin fevral ayının 17-də ilk dəfə olaraq orada qazıntı işləri aparılmış və iki kütləvi məzarlıqdan 28 nəfərə aid meyit qalığı ekshumasiya edilmişdir. Ondan sonrakı dövrdə isə işğaldan azad olunmuş ərazilərimizdə daha 14 kütləvi məzarlıq aşkar edilmiş, qazıntı işləri həyata keçirilmişdir. Bütövlükdə aşkar edilmiş 16 kütləvi məzarlıqdan birinci Qarabağ müharibəsində itkin düşmüş 150-dən artıq şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq götürülmüşdür. Ümumiyyətlə, həm Dövlət Komissiyasında olan, həm də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların bizə verdiyi məlumatlara əsasən, azad olunmuş ərazilərdə sözsüz ki, çoxsaylı kütləvi məzar yerləri var. Bu barədə fəaliyyəti dövründə Dövlət Komissiyasına çoxsaylı məlumat və materiallar daxil olmuşdur. Bu materiallar bu gün də daxil olur. Xüsusilə birinci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmiş, əsirlikdən azad olmuş şəxslər hazırda da məlumatları Dövlət Komissiyasına təqdim edirlər. Amma kütləvi məzarlıqların və digər məlum olan məzar yerlərinin müəyyən olunması ilə bağlı mütəxəssis heyəti xeyli saylı çətinliklərlə üzləşir. Bunun əsas səbəblərindən biri ərazilərin minalar və partlamamış sursatlarla həddən artıq çirkləndirilməsidirsə, digər səbəb bir çox hallarda verilən məlumatların təsdiqini tapmamasıdır. Əlbəttə ki, verilmiş şahid ifadələrinə əsasən mütəxəssislər tərəfindən axtarış və qazıntı işləri aparılmışdır və bu gün də davam edir. Lakin böyük təəssüf hissi ilə deməliyəm ki, verilmiş məlumatlar üzrə aparılmış qazıntılar əksər hallarda nəticə vermir. Burada müxtəlif səbəblər ola bilər.

Birincisi odur ki, işğal dövründə ermənilər tərəfindən ərazidə vandalizm aktları həyata keçirilmiş, xüsusilə qəbiristanlıqlar və məzar yerləri məqsədyönlü şəkildə dağıdılmışdır. Bunun əsas səbəbi Azərbaycan xalqına qarşı törətdikləri cinayət aktlarının gizlədilməsindən ibarətdir. İkincisi, işğal altında olan torpaqlarda sonsuz ekosid aktı həyata keçirilmiş və Azərbaycanın ekologiyasına çox ciddi ziyan vurulmuşdur. Beləliklə, həmin ərazilərdə ciddi relyef dəyişmələri baş vermiş və infrastruktur tam şəkildə dağıdılmışdır. Bu səbəbdən şahidlər vaxtilə onlara məlum olan məzar yerlərinin dəqiq göstərməkdə çətinlik çəkirlər. Şübhəsiz ki, birinci Qarabağ müharibəsinin gedişində Azərbaycanlılara qarşı soyqırımı, terror və etnik təmizləmə həyata keçirilmiş, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuşdur.

Dövlət Komissiyası mətbuata açıqlamalarında dəfələrlə qeyd etmişdir ki, xüsusilə birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər barədə əsas məlumatlar Ermənistan tərəfindədir. Çünki ərazi Ermənistan Ordusu tərəfindən işğal olunub və 30 il onların nəzarəti altında olub. Həmin dövrdə döyüş zamanı həlak olmuş əsgərlərin, Azərbaycanın yaşayış məntəqələri işğal olunarkən həlak olmuş mülki şəxslərin, eyni zamanda, əsir, girov götürüldükdən sonra beynəlxalq humanitar hüququn normal və prinsiplərinə zidd olaraq işgəncələrlə qətlə yetirilmiş vətəndaşların dəfn yerləri barədə məlumatlar erməni tərəfindədir. Çünki qeyd etdiyim bu qeyri-insani aktlar Ermənistan hərbçiləri tərəfindən həyata keçirilmişdir. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, hazırkı parlamentin deputatı və hakim partiyanın üzvlərindən biri olan general Qaqik Melkonyan 2021-ci ildə Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə birinci Qarabağ müharibəsi zamanı həlak olmuş yüzlərlə azərbaycanlının dəfn yeri barədə onda məlumatların olduğunu ifadə etmişdi. Yalnız Qaqik Melkonyanda deyil, onun kimi səhra komandirlərində, həm də həmin dövrdə itkin və əsir-girovların məsələlərilə məşğul olan rəsmi şəxslərdə bu məlumatlar var. Azərbaycanın yüksək vəzifəli rəsmi şəxsləri, Dövlət Komissiyası və digər aidiyyəti qurumlar dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə, eyni zamanda, keçirilən beynəlxalq tədbirlərdə və görüşlərdə bu məsələni Ermənistan tərəfinin qarşısında qaldırsa da təəssüf ki, onlar bu günə qədər bu məlumatları verməkdən imtina edir. Onu da qeyd edim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş hər iki tərəfə aid şəxslər barəsində əsas məlumatlar məhz Ermənistan tərəfindədir. Ermənistan tərəfi bu gün münaqişə nəticəsində itkin düşmüş ermənilərin də taleyinin müəyyən olunmasında maraqlı olmalıdır.

Dövlət Komissiyası hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir. Hesab edirəm ki, əsas məlumatların Ermənistan tərəfində olduğunu nəzərə alsaq, bu əməkdaşlıq hər iki tərəfə aid itkinlərin taleyinin aydınlaşdırılmasına müsbət töhfə verə bilər.

Xocalı soyqırımı zamanı itkindüşmə halları ilə bağlı yeni müraciətlər var

- Dövlət Komissiyasına yeni müraciətlər nəticəsində 30 nəfərə yaxın birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin siyahıya əlavə edildiyini bildirdiniz. Bəs onlar içərisində Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslər varmı?

- Yuxarıda qeyd etdiyim kimi, birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi cari ildə qeydiyyata alınmış 30 nəfərdən 6 nəfəri Xocalı soyqırımı zamanı itkin düşənlərdir. Bu günə qədər Xocalı soyqırımında itkin düşmüş şəxs kimi 196 nəfər Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Hazırda isə onların sayı 202 nəfərdir. Ancaq Xocalı soyqırımı zamanı itkindüşmə halları ilə bağlı yeni müraciətlər də var. Bütün müraciətlərə baxılır və araşdırılır. Bu sayın da artacağı istisna deyil.

- Xocalı şəhərində indiyə kimi ümumilikdə neçə kütləvi məzarlıq aşkarlanıb, aşkar edilmiş kütləvi məzarlıqlardan neçə nəfərin qalıqları çıxarılıb?

Artıq məlum olduğu kimi, fevral ayının 23 də Xocalı şəhərinin ərazisində kütləvi məzarlıq aşkarlanmış və oradan təxminən 18 nəfərə aid meyit qalıqları ekshumasiya edilərək götürülmüşdür. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb baş idarəsinin laboratoriyalarında aparılan həm anatomik, həm də molekulyar-genetik analizlər nəticəsində 18 nəfərdən 10-nun şəxsiyyəti müəyyən olunmuşdur. Həmin şəxslərin Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlar olduğu tam təsdiq edilmişdir. Onu da qeyd edim ki, Dövlət Komissiyasında toplanmış məlumatlar təsdiq edir ki, həmin vətəndaşlar soyqırımı aktı zamanı qaçarkən və yaxud atəş altına düşərək həlak olmamış və sağ-salamat girov götürüldükdən sonra beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, işgəncələrlə qətlə yetirilmişlər. Bundan başqa, cari ilin mart ayında Xocalı rayonu, Qaladərəsi kəndinin ərazisində daha bir məzar yeri aşkarlanmış və 3 nəfərə aid olduğu bildirilən meyit qalıqları ekshumasiya edilərək götürülmüşdür. Bu barədə ictimaiyyətə məlumat verilmişdir. Hazırda həmin meyitlərlə bağlı zəruri araşdırmalar davam etdirilir.

Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq

- Yeri gəlmişkən, Dövlət Komissiyasının yaydığı məlumatda bildirilmişdi ki, ehtimal etmək olar ki, Natiq Qasımovun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilib. Bu məsələ ilə bağlı yeni məlumat varmı? Onun qohumlarından da bioloji nümunə götürülübmü?

- 2014-cü ildən keçən dövr ərzində 11 minə yaxın şəxsdən, o cümlədən itkin düşmüş şəxs kimi qeydiyyata alınmış Natiq Qasımovun yaxınlarından bioloji nümunə götürülmüşdür. Bu gün də proses Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb baş idarəsinin hərbi hospitalındakı molekulyar-genetik laboratoriya tərəfindən həyata keçirilir.

Natiq Qasımova gəlincə isə, onun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanmışdır. Filmdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb. Onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub. Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.

Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilmişdir. Baxmayaraq ki, filmdə o, bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur. Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcəyik. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik.

- Ümumilikdə, hazırda kimliyinin müəyyənləşdirilməsi üçün neçə meyit qalığı üzərində iş aparılır?

- Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsindən sonra genetik analizə təqdim olunmaq üçün 586 nəfərə aid meyit qalığı aşkar olunub. Meyit qalıqları 3 istiqamət üzrə müəyyənləşir.

Birinci istiqamət kütləvi məzarlıqdan tapılan qalıqlardır. Bu günədək 16 kütləvi məzarlıqdan 150-dən artıq şəxsə aid meyit qalığı aşkar edilərək götürülüb. Bundan başqa, azad edilmiş Xocalı, Şuşa, Ağdam, Kəlbəcər, Tərtər, Füzuli, Zəngilan rayonları ərazilərində tikinti-quruculuq və hərbi təyinatlı işlər aparılarkən 125 nəfərə aid meyit qalıqları aşkar edilərək götürülmüşdür.

İkinci istiqamət - birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş meyitlərlə bağlıdır. Bu məzarlıqlar hələ Vətən müharibəsindən əvvəl Dövlət Komissiyası tərəfindən aşkarlanarq qeydiyyata alınmışdır. 2021-2022-ci illərdə aparılmış ekshumasiya prosesində həmin məzarlıqlardan 183 nəfərə aid meyit qalığı aşkarlanmışdır.

Üçüncü istiqamət isə Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatla bağlı qarşı tərəfin təqdim etdiyi meyit qalıqlarıdır. Bu, proses lokal xarakterli antiterror tədbirlərindən qabaq baş vermişdir. 2020-ci ilin noyabr ayından antiterror tədbirlərinə qədər olan dövr ərzində qarşı tərəf Dövlət Komissiyasına 128 nəfərə aid olduğu ehtimal edilən meyit qalığı təqdim etmişdir. Təəssüf ki, həmin meyit qalıqları qeyri-peşəkar halda, mütəxəssislərin iştirakı olmadan torpaqdan çıxarılmış və bəlkə də bilərəkdən qarışıq halda torbalara yığılaraq Dövlət Komissiyasına təqdim edilmişdir. Həmin qalıqların eyniləşdirilməsi ilə bağlı mütəxəssislər ciddi çətinliklərlə üzləşib.

Ümumilikdə qeyd etdiyim kimi 586 nəfərə aid meyit qalığı aşkar edilmiş və onlardan 108 nəfərin artıq şəxsiyyəti müəyyən edilmişdir. Onların 35 nəfəri artıq ictimaiyyətə elan olunub. 73 nəfərin ictimaiyyətə elan olunması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Həmin 73 nəfərdən 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslərdir, 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndində aşkarlanmış kütləvi məzarlıqlardan götürülmüşdür.

I Şəhidlər Xiyabanında dəfn edilmiş 5 yaşlı qızla bağlı Dövlət Komissiyası dəfələrlə müəyyən addımlar atıb

- Bakı şəhərindəki I Şəhidlər Xiyabanında Xocalıdan olan 5 yaşlı naməlum qızın məzarı var. Şəxsiyyəti müəyyənləşdirilən 64 nəfərin içərisində həmin qız da varmı?

- Qeyd etdiyim kimi tanınmadan dəfn edilmiş şəhid məzarlarının hamısı açılmış və onlardan genetik bioloji nümunələr götürülmüşdür. Bu istiqamət üzrə 64 nəfərin taleyi artıq müəyyən olunub. Ancaq təəssüf ki, 5 yaşlı qız onların arasında yoxdur. Ümid edək ki, onun da taleyinin müəyyən edilməsi mümkün olacaq. Çünki bu proses hələ davam edir. Xüsusilə vurğulamaq istəyirəm ki, Xocalı soyqırımı zamanı 36 uşaq itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Onlardan 14 nəfəri azyaşlı qızlardır.

Bir məqamı da qeyd edim ki, Bakı şəhərindəki I Şəhidlər Xiyabanında dəfn edilmiş 5 yaşlı qızla bağlı Dövlət Komissiyası dəfələrlə müəyyən addımlar atıb. Hətta onunla bağlı Dövlət Komissiyasının məlumatları əsasında tanınmış jurnalistimiz Mübariz Əsgərov “Xocalı Nişanəsi” adlı film də çəkmişdi. Filmdə bu qız simvolik olaraq “Nişanə” adlandırılmışdır, Xocalının nişanəsi.

- Bəs Ermənistan Azərbaycanla meyit qalıqlarının qaytarılması ilə bağlı əməkdaşlığı davam etdirirmi? Antiterror əməliyyatlarından sonra bu məsələ gündəmə gəlməyib?

- Dövlət Komissiyasında 253 Azərbaycan vətəndaşının I Qarabağ müharibəsi və 1994-cü ilin may ayında əldə edilmiş atəşkəsdən sonrakı dövrdə (2020-ci ilin sentyabr ayınadək) əsir-girov götürülərək Ermənistana aparılması və orada saxlanılmasına dair məlumatlar var. Bu o deməkdir ki, Ermənistan ərazisində də itkin düşmüş azərbaycanlılara aid meyit qalıqları dəfn olunmuşdur. Ümid edirik ki, Ermənistan tərəfi əməkdaşlıq çərçivəsində həmin şəxslərin də qalıqlarını qaytaracaq.

- Antiterror tədbirləri zamanı azad edilmiş Xankəndi, Ağdərə və digər ərazilərdə də kütləvi məzarlıqlar olması barədə Dövlət Komissiyasında məlumat var?

- Sözsüz ki, birinci Qarabağ müharibəsində əsir və girovların saxlanma yerləri barədə Dövlət Komissiyasında məlumatlar var. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfi əsir və girov götürdüyü şəxslərin saxlanması ilə bağlı bir çox hallarda beynəlxalq konvensiyanın tələblərini pozaraq saxlanma yerləri, yəni əsir düşərgələri müəyyən etməmişdi. Təəssüf ki, əsir və girov götürülən şəxslər əksər hallarda hərbi hissələrdə, hərbi səhra komandirlərinin nəzarəti altında, ayrı-ayrı mülki şəxslərin aid qarajlarda, zirzəmilərdə saxlanılmışlar. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları bunu qadağan edir. 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonrakı dövrdə isə əsir-girovlar Şuşa şəhərində yerləşən həbsxanada, Xankəndi şəhərində yerləşən hərbi hissədə, uşaq xəstəxanasında və digər yerlərdə saxlanmışlar. Əsas məsələ isə azərbaycanlı əsir və girovların müəyyən hissəsinin qeyri-qanuni olaraq Ermənistan ərazisinə aparılması və orada saxlanmasıdır. Qeyd etdiyim kimi, indi bizi əsas maraqlandıran əsas amil onların dəfn yerləridir.

Ümumiyyətlə, vaxtilə işğalda olmuş ərazilərdəki dəfn yerləri barədə məlumatlar hazırda da Dövlət Komissiyasına daxil olur. Kütləvi məzarlıqlar Azərbaycanın 30 il işğal altında olan bütün ərazilərində, eləcə də Xankəndi, Ağdərə və Əsgəran şəhərlərində də ola bilər. Nəzərə alsaq ki, bütün proseslər separatçı rejim tərəfindən Xankəndi şəhərindən idarə olunurdu, orada kütləvi məzarlıqların olma ehtimalı çoxdur.

- Birinci Qarabağ müharibəsində əsir, itkin və girov götürülmüş azərbaycanlılarla bağlı aparılan işlərə beynəlxalq dəstək göstərilirmi?

- Ötən il Dövlət Komissiyası tərəfindən itkinlər mövzusu ilə bağlı iki beynəlxalq konfrans keçirilmişdir. Həmin konfranslarda bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar da dəvət olunmuşdu. Eyni zamanda, beynəlxalq mütəxəssislər, vaxtilə münaqişələrdən əziyyət çəkmiş dövlətlərin rəsmi şəxsləri və itkin ailələri bu tədbirlərdə iştirak edirdi. Təbii ki, Azərbaycan tərəfi bu məsələdə beynəlxalq dəstəyin göstərilməsində maraqlıdır. Amma biz bu gün təəssüf ki, itkinlərin taleyinin həllinə kömək edə biləcək dəstəyi beynəlxalq təşkilatlardan ala bilmirik. Baxmayaraq ki, bu humanitar məsələdir, burada da ikili standartlar mövcuddur. Beynəlxalq təcrübədə belədir ki, itkinlər məsələsinə beynəlxalq dəstək hər zaman verilir. Amma Azərbaycana münasibətdə biz bunu görmürük. Ümid edirik ki, beynəlxalq təşkilatlar məsələnin humanitar aspektini dərk edərək, Azərbaycana dəstək göstərə bilər. İtkinlərin taleyinin aydınlaşdırılması ilə bağlı həm qarşı tərəflə, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Əsas məsələ budur ki, insanların taleyi müəyyən olunsun, 30 ildir iztirab çəkən ailələrin gözləri yoldan çəkilsin.

- İtkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin götürülməsi işi artıq yekunlaşıb? Ümumilikdə neçə itkinin kimliyi bu nümunələr vasitəsilə müəyyən edilib? İtkinlərin kimliyini müəyyən etməyin başqa yolları da varmı? Bunlar Dövlət Komissiyası tərəfindən tətbiq edilirmi?

- Yuxarıda qeyd etdiyim kimi, itkin düşmüş şəxslərin böyük əksəriyyətinin ailə üzvlərindən bioloji nümunələr götürülmüşdür. Ancaq bu iş tam yekunlaşmayıb və davam edir. Şəxsiyyəti eyniləşdirilmiş edilmiş 108 nəfərin hamısı məhz bu nümunələrdən istifadə edilərək müəyyənləşdirilmişdir.

Sözsüz ki, burada vacib aspekt molekulyar genetik laboratoriyanın verdiyi cavabdır. Əgər tapılmış sümüklərdə bioloji nümunə, başqa sözlə DNT varsa, onun şəxsiyyətinin müəyyən olunması asandır. Bununla yanaşı, itkin düşmüş şəxslərin eyniləşmə prosesində digər metodlardan da istifadə olunur. İtkinlərlə bağlı ilkin olaraq antemortem (ölümdən əvvəliki) məlumatlar toplanır. Məzarlar aşkarlanandan sonra isə postmortem (ölümdən sonrakı) məlumatlar toplanır ki, əvvəlki məlumatlarla tutuşdurulsun. Ümumilikdə isə şəxsiyyətin eyniləşdirilməsi çox mürəkkəb prosesdir, bu ciddi vaxt, maddi və insan resursları tələb edir. Ekshumasiya prosesində tapılan meyit qalıqları müəyyən tələblərə cavab verməlidir. Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı o tələblərə cavab vermir.

Ümumiyyətlə, antemortem məlumatların toplanması zamanı verilmiş bütün informasiyalar qeydiyyata alınır, Bu prosesdə itkinin ailə üzvlərinin, son dəfə onu görmüş və yanında olmuş şəxslərin verdiyi məlumatlar toplanır və sistemləşdirilir. Sonuncu dəfə itkinin əynindəki geyim, ayaqqabı, yaxud cibindəki daraq, qələm, qol saatı və s. kimi məlumatları nəzərdə tuturam. Əgər məzardan deyilən parametrlərə uyğun artefaktlar tapılırsa, itkin düşən şəxsin şəhidolma arealı da bizə məlumdursa, bu metodologiyalardan da istifadə olunur.

- Vətən müharibəsindən sonra humanizm prinsipini əsas götürərək Azərbaycan tərəfindən neçə erməni hərbçinin meyiti aşkarlanaraq götürülüb və qarşı tərəfə təhvil verilib?

- Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaratmış və nəticədə 44 günlük müharibədən sonra 2043 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilmişdir. Onlardan 1713 nəfərin meyiti Vətən müharibəsindən sonra, 157 nəfərin meyiti 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra, 173 nəfərin meyiti isə 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra təhvil verilmişdir.

- Bəs Azərbaycan Vətən müharibəsindən sonra indiyə qədər neçə erməni əsir və girovu geri qaytarıb?

- Azərbaycan hər zaman humanizm prinsiplərinə sadiqdir. Ona görə yox ki, beynəlxalq konvensiyalara qoşulmuşuq. Ona görə ki, humanizm bizim xalqın xarakterinə xas olan xüsusiyyətdir. Üçtərəfli bəyanat imzalanandan bu günə qədər 226 nəfər erməni əsilli şəxs azad edilərək qarşı tərəfə qaytarılıb. Onlardan 172 nəfəri hərbçi, 54 nəfəri mülki şəxs olub. Azərbaycan tərəfi mülki şəxsləri tez bir zamanda azad edərək qarşı tərəfə qaytarıb. Bu hər zaman belə olub. Antiterror əməliyyatı zamanı əsgərlərimizdən kömək istəyən qadınlar elə ərazidə azad edilərək qarşı tərəfə təhvil verilmişdir. 5 qadın Vətən müharibəsindən sonrakı dövrdə, 6 qadın isə antiterror tədbirləri zamanı qarşı tərəfə təhvil verilib.

Foto - İlkin Nəbiyev ©️Birxeber.AzGROUP