Prezident İlham Əliyevin uğurlu təhsil strategiyası

Prezident İlham Əliyevin uğurlu təhsil strategiyası

Təhsil istənilən ölkənin uğurlu və hərtərəfli inkişafı, xoşbəxt gələcəyi, iqtisadi tərəqqisinin bünövrəsi və təməl daşıdır. Məhz buna görə təhsil sisteminin inkişafına xüsusi diqqət yetirən, insan kapitalının davamlı yetişdirilməsinə sərmayə yatıran dövlətlər möhkəm və dayanıqlı iqtisadiyyata, mütərəqqi texnologiyalara, hərbi və siyası qüdrətə nail ola bilirlər. Prezident İlham Əliyevin diqqət və qayğısı respublikamızda milli kadr potensialının həm kəmiyyəti, həm də keyfiyyəti nöqteyi nəzərdən formalaşdırılması və təkmilləşdirilməsinə öz əvəzsiz töhfəsini verməkdədir.

Prezidentimizin təhsil haqqında “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir”, “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir” deməsi onun milli təhsil sisteminin inkişafına nə qədər diqqət ayırdığının və həssaslıqla yanaşdığının bariz nümunəsidir.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilir və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilir. 44 günlük Vətən müharibəsi, 24 saatlıq lokal antiterror əməliyyatları və digər qələbələr sayəsində 30 ildən artıq bir müddətdə işğal altında olan torpaqları xalqına yenidən bəxş edən, torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsinində müstəsna xidməti olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkə hüdudlarından kənarda da böyük nüfuza malikdir. Regional lider olaraq o, Azərbaycanı regional və qlobal miqyasda hörmətli, etibarlı və multikultural dəyərlərə malik bir ölkə kimi tanıdıb. Bu xüsusiyyətlər, sözsüz ki, milli təhsil sisteminin beynəlxalq təhsil məkanına inteqrasiyasını da şərtləndirir və sürətləndirir.

Ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişaf dinamikası təhsil sektorunda da özünü büruzə verir. Dövlət başçımızın böyük diqqəti, məqsədyönlü sərəncamları və göstərişləri əsasında atılmış addımlar, icra edilmiş və edilməkdə olan dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin formalaşmasına, böyük nəticələrin qazanılmasına xidmət edir. Ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsini təşkil edən təhsil siyasətində təhsilin bütün təhsil pillələri və səviyyələri əksini tapır və onu da əlavə etməliyik ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ali təhsil sisteminin inkişafı prioritet istiqamətə çevrilmiş, insan kapitalının inkişafı isə ölkədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri kimi qəbul edilmişdir. 2003-cü ildə respublikada 46 ali təhsil müəssisəsi var idisə, hal hazırda ölkədə ali təhsil müəssisələrinin sayı 51-ə çatmışdır, təhsilalanların sayı isə 120 mindən 220 minə qədər artıb. Aparıcı xarici dövlətlərlə birgə ali təhsil müəssisələri təsis edilmiş və edilməkdədir, eləcə də ölkədə xarici ali təhsil müəssisələrinin filialları yaradılıb.

Təhsil sahəsində həyata keçirilən islahatlar, qəbul edilmiş Dövlət proqramları, eləcə də 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması təhsilimizin ölkə prezidentinin daim diqqət mərkəzində olduğunu bir daha sübut edir. Gənclərin ölkə üçün zəruri olan ixtisaslar üzrə xaricdə təhsil almalarını və respublikamızın tərəqqisində mühüm amil olmalarını reallaşdırmaq üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” təsdiq edilməsi haqqında Sərəncam imzalanmış, həmin proqram çərçivəsində 4 min nəfərdən artıq respublika vətəndaşı Dövlət Neft Fondunun hesabına dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququnu qazanıb.

Gənclərimiz üçün növbəti xaricdə təhsil imkanı - “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Prezidentin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət başçısının 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Ölkəmizin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan insan kapitalının inkişafında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də öz töhfəsini verir. Beynəlxalq təhsil məkanında rəqabət qabiliyyətinin təmin edilməsi məqsədilə universitet təhsilverənlərin və təhsilalanların keyfiyyət səviyyəsinin yüksəldilməsi, tədris və sənəd dövriyyəsi prosesinin elektronlaşdırılması, kitabxana fondunun zənginləşdirilməsi, məşğələ və laboratoriya dərslərinin praktikiyönümlü keçirilməsi, innovativ tədris metodlarının tətbiqi, elmi tədqiqatların genişləndirilməsi və bir sıra digər məsələləri daimi diqqət mərkəzində saxlayır.

Ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası prosesi də universitet nümunəsində uğurla həyata keçirilir. Hal-hazırda UNEC-in tərəfdaşlıq etdiyi universitetlərin siyahısında 26 ölkənin 72 universiteti yer almaqdadır. Təhsil alan əcnəbi tələbələrin sayını davamlı olaraq artıran UNEC-in müəllim və tələbələri Erasmus+, Non-Erasmus, Orhun, Mevlana beynəlxalq mübadilə proqramları çərçivəsində yüksək reytinqlı xarici universitetlərdə dəyərli təcrübə qazanırlar. Bakalavriat təhsil səviyyəsində Fransanın Montpellier Universiteti, Türkiyənin Ege Universiteti, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə, magistratura təhsil səviyyəsində Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə, MBA proqramı üzrə Fransanın ICD Biznes Məktəbi, ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramlarını həyata keçirən UNEC tələbələrinə xaricdə təhsil almaq üçün əlavə imkanlar yaradır. Dünya universitetlərinin reytinq sıralamasında mövqeyini ildən ilə möhkəmləndirən UNEC “QS dayanıqlılıq reytinqi-2024”-də Azərbaycanda 1-ci, Asiyada 327-ci, dünyada isə 1051-1110-cü universitet olub.

Azərbaycanın xoşbəxt gələcəyinə aparan yol uğurlu siyasi, iqtisadi, ordu quruculuğundan, sənayenin tərəqqisindən, təhsil, səhiyyə və digər sahələrdə zamanın tələb etdiyi islahatların düzgün istiqamətləndirilməsindən keçir. Aparılan düşünülmüş siyasətin nəticələri artıq bu gün hiss edilməkdədir. Bu çətin və hərtərəfli işin məharətlə, yorulmadan öhdəsindən gələn qalib Prezident İlham Əliyev azərbaycan xalqını inamla daha da uğurlu gələcəyə, respublikamızı dünyanın inkişaf etmiş ölkələri sırasına iri addımlarla aparır.

Elçin Səmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin dekanı, dosent.