Dubayda "Al-Məktum" hava limanının genişləndirilməsinə 35 mlrd dollar ayrılacaq

Dubayda "Al-Məktum" hava limanının genişləndirilməsinə 35 mlrd dollar ayrılacaq

Dubay hakimiyyəti şəhərin cənub hissəsində yerləşən “Al-Məktum” beynəlxalq hava limanında yeni sərnişin terminalının tikintisi üçün 128 milyard dirhəm (34,8 milyard ABŞ dolları) ayıracaq.

“Birxeber.Az” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum deyib.

"Bu gün "Al-Məktum" beynəlxalq hava limanının yeni sərnişin terminalının layihəsini təsdiqlədik və Dubay Aviasiya korporasiyasının hazırladığı strategiya çərçivəsində 128 milyard dirhəm dəyərində binanın tikintisinin başlanmasına göstəriş verdik", - BƏƏ-nin Baş naziri "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, aeroport ildə 260 milyondan çox sərnişin tutumu ilə dünyanın ən böyük hava limanlarından biri olacaq. Hava limanının 400 təyyarə tuta bilən yenilənmiş nəqliyyat mərkəzinin beş paralel uçuş-enmə zolağı ilə təchiz ediləcəyi gözlənilir.

"Bu, Dubayın hazırkı beynəlxalq hava limanından beş dəfə böyük olacaq. Qarşıdakı illərdə Dubay Beynəlxalq hava limanının bütün əməliyyatları ona köçürüləcək", - o qeyd edib.