Tbilisidə xüsusi təyinatlılar parlament binasının ərazisini tərk edib

Tbilisidə xüsusi təyinatlılar parlament binasının ərazisini tərk edib

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı mitinqin keçirildiyi parlament binasına bitişik ərazini tamamilə tərk edib.

Bu barədə “Birxeber.Az” TASS-a istinadən xəbər verir.

Sonuncu xüsusi təyinatlılar parlamentin xidməti girişinə aparan Çiçinadze küçəsində qalıblar. Nümayiş zamanı ən gərgin vəziyyət orada olub, lakin etirazçılar küçəni tərk etməyə başlayandan sonra nazirliyin rəhbərliyi kordonu yığışdırmaq qərarına gəlib. Hazırda parlamentin qarşısında yalnız polis dəstələri növbə çəkir.

Bazar günü Tbilisidə qeyri-hökumət təşkilatları və siyasi partiyaların nümayəndələri “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz aksiyası keçiriblər. Bir neçə min nümayişçi Birinci Respublika meydanına toplaşaraq parlamentə yürüş təşkil edib. Etirazçılar mitinq keçirəcək hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının tərəfdarları üçün qurulmuş səhnəyə buraxılmağı tələb edərkən parlament binası qarşısında polislə toqquşma baş verib. Polis bir neçə dəfə bibər qazından istifadə etməli olub. İndi parlament binası yaxınlığında vəziyyət sakitdir, etirazçıların əksəriyyəti dağılışıb.