"AzerGold" saxta reklam kampaniyalarına aldanmamağa çağırıb

"AzerGold" saxta reklam kampaniyalarına aldanmamağa çağırıb

"AzerGold" QSC onun adından kiberdələduzluq aktlarının törədildiyini nəzərə alaraq, ictimaiyyəti bir daha diqqətli olmağa, saxta reklam kampaniyalarına aldanmamağa çağırıb.

"Birxeber.Az" xəbər verir ki, belə çağırışla "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında çıxış edib.

"Belə ki, fişinq xarakterli hücumlar zamanı "AzerGold" sosial şəbəkə platformalarında müxtəlif "investisiya" layihələrinin təşkilatçısı kimi təqdim edilir, Səhmdar Cəmiyyətin rəsmi saytının imitasiya olunmuş versiyasına istinad olunur, imic xarakterli videoçarxlar xüsusi proqramlar vasitəsilə kontekstdən çıxarılaraq, fişinq aləti kimi istifadə edilir", - Z. İbrahimov bildirib.

O vurğulayıb ki, vətəndaşlar bu və ya digər dırnaqarası "layihə"dən faydalanmağa dəvət edilir: "Məqsəd vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək, maliyyə vəsaitlərini mənimsəməkdir. Bütün bunlar nəzərə alınaraq, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik".