Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin bağlanış mərasimi keçirilib

Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin bağlanış mərasimi keçirilib

Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin bağlanış mərasimi keçirilib.

“Report”un Adıyamana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə Adıyaman rayon mədəniyyət və turizm müdiri Abuzer Gelse, Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin təşkilat komissiyasının üzvləri, beynəlxalq fotoqraflar və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Adıyaman rayon mədəniyyət və turizm müdiri Abuzer Gelse bildirib ki, bu zirvədə iştirak edən bütün fotoqraflar və jurnalistlərin artıq Adıyamanla könül bağı var: “İnanıram ki, bu zirvə Adıyamanın tarixinin, mədəniyyətinin, mətbəxinin və bütün gözəlliklərinin tanıdılması baxımından çox önəmli rol oynayacaq”.

O, bu işin həyata keçirilməsində rolu olan bütün aidiyyatı qurumlara və QHT-lərə təşəkkür edib.

A.Gelse vurğulayıb ki, hər şəhərin bir ruhu var: “Ümid edirəm ki, bu günlərdə Adıyamanın ruhuna çox yaxınlaşdınız və inanıram ki, bu ruh sizin yaradıcılığınıza təsirsiz ötüşməyəcək. Adıyaman 6 fevral zəlzələsindən ən çox təsirlənən şəhərlərdən biridir. Həmin bədbəxt hadisə şəhərin turizminə də təsirsiz ötüşməyib. Lakin artıq hiss edirik ki, bu zirvə həmin mənfi halların aradan qaldırılmasında xüsusi rol oynayacaq”.

Sonda Zirvə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi 25-28 aprel tarixlərində Türkiyənin Adıyaman şəhərində həyata keçirilib.