"AzerGold" ötən il əməkdaşlarının sayını 16 %-dən çox artırıb

"AzerGold" ötən il əməkdaşlarının sayını 16 %-dən çox artırıb

2023-cü ildə "AzerGold" QSC-nin hasilat və emal işlərini həyata keçirdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun səviyyəsi xeyli artıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hesabat ilində "AzerGold" və onun törəmə cəmiyyətlərində ümumilikdə çalışan əməkdaşların sayı 16,3 % artaraq 989 nəfər ("AzerGold" QSC-də 693 nəfər, törəmə şirkətlərdə 296 nəfər) təşkil edib.

Z. İbrahimov vurğulayıb ki, əməkdaşların 52 %-i (515 nəfər) regionları, xüsusilə Gəncə, Daşkəsən və Göygöl rayonlarını təmsil edir: "Fəaliyyətimiz nəticəsində podratçı şirkətlərlə bərabər 2 000 nəfərdən çox insan üçün daimi iş yeri yaradılıb".

O əlavə edib ki, 2023-cü ildə "AzerGold" QSC və törəmə şirkətləri tərəfindən ümumilikdə dövlət büdəcəsinə 38,4 milyon manat vergi ödənilib: "Həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 7,6 milyon manat ödəniş edilib".