"Azərbaycan İnvestisiya Şirkəti"nin portfelinin dəyəri açıqlanıb

"Azərbaycan İnvestisiya Şirkəti"nin portfelinin dəyəri açıqlanıb

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC-nin 2023-cü ilin 31 dekabr tarixinə ümumi investisiya portfeli 325 milyon manat təşkil edib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Səhm, pay portfeli və səhmə bərabər tutulan investisiya alətləri üzrə 228 milyon manat (70 %), sabit gəlirli portfeli üzrə 80 milyon manat (25 %) və sərbəst vəsaitlər üzrə 17 milyon manat (5 %) təşkil edir.

Məlumata görə, gəlirlərin strukturuna baxdıqda, şirkətin 2020-2023-cü illər ərzində gəlirlərinin 42 %-i (17,5 milyon manat) investisiya yatırdığı şirkətlərdən əldə etdiyi dividend, pay satışı və təsisçi borcu üzrə hesablanmış faizin ödənişindən formalaşıb.

2020-2023-cü illər ərzində AİŞ-ə 200-dən çox investisiya layihəsinə dair müraciət daxil olub, təhlillər nəticəsində 15 layihə ilə əlaqədar Müşahidə Şurası investisiya qoyulmasına dair qərar qəbul edib. Şirkətdə hər layihə üzrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən analitik təhlillər aparılır, bazar araşdırması həyata keçirilir. Yuxarıda qeyd olunanlarla birgə, ümumilikdə həyata keçirilmiş 15 layihənin ümumi investisiya dəyəri 805 milyon manat, AİŞ-in iştirak payı isə 70,4 milyon manat təşkil edir. Bu layihələrin böyük əksəriyyətini müxtəlif sənaye sahələrinə aid yeni qurulan layihələr təşkil edir və bu investisiyalar artıq inkişaf və ya tikinti mərhələsindədirlər.

"Qabaqcıl texnologiyaların, avadanlıqların və nou-haunun xaricdən ölkəyə gətirilməsini təmin etmək, bu əsasda texnoloji strukturu yeniləmək, sənaye istehsalını canlandırmaq və artırmaq baxımından birbaşa xarici investisiyalar əhəmiyyətli rola malikdir. Bu cür investisiyaların cəlb edilməsi AİŞ-in prioritetlərindəndir. Hazırda şirkətin iştirak payı olan 15 layihədən 9-u xarici investisiya yatıran tərəfdaşlarla həyata keçirilir. Xarici tərəfdaşlarla həyata keçirilən bu layihələrin icrası nəticəsində Azərbaycana cəlb edilən birbaşa xarici investisiya məbləği ümumilikdə 410 milyon manat təşkil edir və bununla 1 600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda deyilir.

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə qarşıya qoyulmuş hədəflərə uyğun olaraq həmin ərazilərdə dağ-mədən və alternativ enerji sahələrində olan layihələr başlanıb. Ağdam rayonunda Şahbulaq daş karxanası layihəsinə investisiya qoyuluşu məqsədilə AİŞ tərəfindən “Star Mining” MMC ilə birgə “Shahbulag Mining” MMC şirkəti təsis edilib və hazırda layihəyə 160-dan çox işçi cəlb edilib. AİŞ və Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” arasında Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, uzun müddətə istismar və fəaliyyətinin təşkil edilməsinə dair Birgə İştirak müqaviləsi imzalanıb Qeyd edilən stansiyalar fəaliyyətə başladıqdan sonra ən azı 60 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və ölkənin bərpaolunan enerji potensialının inkişafı məqsədi ilə AİŞ, SOCAR və BP şirkətləri ilə Cəbrayıl rayonunda 240 MVt gücündə günəş paneli stansiyasının tikintisini nəzərdə tutan, AİŞ-in “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirən Qoşulma Sazişi imzalayıb. Layihənin əsas məqsədi “Səngəçal” terminalında qazdan alınan enerjini günəş enerjisi ilə əvəz etməkdir.