ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir - TƏHLİL

ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir - TƏHLİL

Amerika Birləşmiş Ştatları (ABŞ) insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədlərinə çatmaq üçün sui-istifadə etməkdədir. Qərəzli və ikili mövqedən çıxış edən ABŞ müstəqil xarici və daxili siyasət yürüdən dövlətlərə qarşı total hücumlara start verib. Onun belə addımlarından biri də növbəti dəfə anti-Azərbaycan “hesabat”la çıxış etməsidir. Dövlət Departamentinin əvvəlkilərin təkrarı olan bu "sənəd"i nəinki reallığı əks etdirir, əksinə qərəz və ziddiyyətlərlə doludur.

Əvvəla, artıq getdikcə daha çox ölkə qəbul edir ki, bu, insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsidir. Dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-nin bu "hesabat"ı hansı mənəvi əsasla hazırlaması sual doğurur.

Bu “hesabat” əslində Azərbaycana qarşı təzyiq, qərəz və ayrı-seçkilikdən başqa bir şey deyil. Məsələn, əsassız iddialarla yanaşı, ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları ilə bağlı faktlar nədənsə yada düşməyib.

Ümumiyyətlə, Amerika və Avropanın hesabatları bir çox hallarda siyasi konyukturadan doğur. Ona görə də hər il dünya ölkələrində insan haqlarına həsr olunan "hesabatlar"ı artıq heç kəs ciddi qəbul etmir. Çünki 2-ci və 3-cü dərəcəli ABŞ diplomatlarının sosial medialarında yayılan neqativ məlumatlar dəqiqləşdirilmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edilir.

Əgər ABŞ dünyada insan haqları sahəsinə nəzarətçi rolunu üzərinə götürürsə, sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən şayiə, dedi-qodular yox, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır. Yaxşı olardı ki ABŞ Dövlət Departamenti ilk növbədə öz ölkəsindəki insan haqları vəziyyətinə dair könüllü və açıq şəkildə hesabatla çıxış etsin. Bu ölkədə rasizm, islamofobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şərait və digər məsələlər barədə hesabatlar hazırlanmır.

BMT və dünya dövlətlərinin bir araya gəlib ABŞ-də insan haqları barədə hesabat hazırlamağının vaxtı çatıb. Məsələn, Çin artıq belə nümunə yaradıb. Belə ki, bu ölkə hər il ABŞ-də insan haqlarının vəziyyəti ilə bağlı hesabat təqdim edir. ABŞ-nin ikili yanaşması nəinki bu regionla bağlıdır, digər münaqişələrdə də özünü açıq-aydın göstərir. Onun Qəzza məsələsində susması, İraqda yol verdiyi zorakılıqlar buna misaldır.

Görünən odur ki, dövlət katibi Antoni Blinkenin rəhbərlik etdiyi idarənin təqdim etdiyi "hesabat" erməni lobbisi ilə birlikdə hazırlanıb. Bu isə birmənalı şəkildə fövqəldövlət olmağa iddialı ölkə adına utancvericidir. Yəni ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Birləşmiş Ştatlar birtərəfli qaydada, yalnız erməni mənbələrindən istifadə etməklə sənəd hazırlamağı özünə yaraşdırmamalı idi.

"Hesabat", şübhəsiz ki, müstəqil siyasət yürüdən dövlətlərə qarşı siyasi təzyiq vasitəsi olmaqla yanaşı, ABŞ-də qarşıdan gələn seçkilərlə bağlıdır. Hər vəchlə erməni lobbisinin səsini qazanmaq hədəf götürülüb. Məhz bu səbəbdən də kağızda Azərbaycan ərazisində həyata keçirilən erməni barbarlığı, erməni vandalizmi barədə bir kəlmə qeyd edilməyib.

Əminliklə deyə bilərik ki, dünyada çoxsaylı müharibələrə, milyonlarla insanın ölümünə, ev-eşiyindən didərgin düşməsinə, səfalət içində yaşamasına bais olan bir ölkənin belə bir "hesabat" hazırlaması ən yaxşı halda qərəz və riyakarlıqdır. Məsələn, dünya ölkələrinə dərs keçməyə çalışan ABŞ-nin özündə neqativ hallar pik həddə çatıb. Orada islam dini əleyhinə və müsəlmanlara qarşı nifrət cinayətləri dəfələrlə qeyd edilib. Məsələn, Amerika-İslam Əlaqələri Şurasının hesabatına görə, təkcə Massaçusets ştatındakı məktəblərdə islamofobiya ilə bağlı şikayətlər son bir ildə 72 faiz artıb. Müsəlman şagird və tələbələrə qarşı ayrı-seçkilik şikayətlərin əksəriyyətini təşkil edir.

ABŞ-də təxminən 3,5 milyon müsəlman yaşayır. Müsəlmanların ölkə əhalisinin 1,1 faizini təşkil etdiyi bildirilir. Amerika-İslam Əlaqələri Şurasının 11 apreldə yayılan 2022-ci il İnsan Haqları Hesabatında ABŞ-dəki vəziyyətdən bəhs edilərək təhsil sahəsində antiislam, qərəz və ayrı-seçkilik kimi şikayətlərin 33 faiz artdığı yazılıb.

“Əl-Qaidə” terror təşkilatının törətdiyi 2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerikada müsəlmanlara qarşı nifrət cinayətləri artıb. Amerika-İslam Əlaqələri Şurası bildirir ki, ABŞ-də antimüsəlmanlıq institutlaşdırılıb və alətləşib. Bu istiqamətdə siyasətçilər, ictimai fəallar, beyin mərkəzləri və media qurumları tərəfindən müəyyən missiyalar həyata keçirilir.

Birləşmiş Ştatların dünyada özünü hegemon kimi təqdim etməsi və müxtəlif ölkələrin daxili işlərinə qarışması aydındır. Buna qarşı sərgilənən müxtəlif “bəhanələr” çox zaman elə yerindəcə iflasa uğrayır. Məsələn, İraqda 2000-ci illərdə baş verənləri götürək. Kimyəvi silah axtarışına çıxan Vaşinqton 12 il axtarışda oldu. Nəticə olmadı. Hədəfi lazım olan enerji qaynaqları idi və onu da öz əlində saxladı. Ardınca da İraqda yeni qüvvə - İŞİD peyda oldu.

Sonda qeyd etmək yerinə düşər ki, bu gün terrora qarşı mübarizədə özünü öndə göstərən ABŞ əslində maddi maraqlar naminə minlərlə insanı qətlə yetirməyə hazırdır. Beləliklə də, insanların öz yurd yerlərindən didərgin düşməsində birbaşa rol oynayan ABŞ-nin hansısa demokratiya və insan hüquqlarından danışması məntiqsizlikdir.