Beyləqanda yük avtomobili körpüdən aşıb, 3 nəfər ölüb - YENİLƏNİB-3 - FOTO

Beyləqanda yük avtomobili körpüdən aşıb, 3 nəfər  ölüb - YENİLƏNİB-3 - FOTO

Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, 3 nəfər ölüb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ 2105” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.

Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.

***

09.32

Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə “VAZ 2105” markalı minik avtomobili toqquşub.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində yük avtomobilinin sürücüsü ilə minik avtomobilinin sürücüsü və sərnişini ölüb.

***

09:20

Beyləqan rayonunda yük avtomobili ilə “VAZ 2107” markalı avtomobil toqquşub.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmamverdilər körpüsü adlanan yerdə baş verib.

Nəticədə 3 nəfər ölüb.

***

09:15

Beyləqan rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü idarəetməni itirib, nəticədə avtomobil körpüdən dəmir yolu xəttinin üzərinə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

***

08.52

Beyləqanda ağır yol qəzası olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdilər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “KamAZ” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.