Sabunçuda qızıl mağazasını talamaq və çətənə kolları əkməyə görə iki nəfər tutulub

Sabunçuda qızıl mağazasını talamaq və çətənə kolları əkməyə görə iki nəfər tutulub

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübəli bilinən 1985-ci il təvəllüdlü Anar Məcidov saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, onun üzərindən və evindən 5 kiloqramdan artıq marixuana aşkarlanıb. A.Məcidov ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri əkdiyini və onlara xüsusi qulluq edərək şəxsi istifadəsi ilə yanaşı satmaq üçün yetişdirdiyini bildirib.

Qeyd edilib ki, A.Məcidov əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib. Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Maştağa qəsəbəsində yerləşən qızıl dükanlarından birindən soyğunçuluq edərək 1000 manat dəyərində üzük və sırğanı talayaraq ələ keçirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fərhad Hacıyev də saxlanılıb. O, ifadəsində yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsindən Maştağaya soyğunçuluq məqsədi ilə gəldiyini bildirib. Hər iki faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. A.Məcidov və F.Hacıyevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.