Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.

Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib.

Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsinə yönəldilib.

General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.