Naxçıvanda televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

Naxçıvanda televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndələrinin iştirakı ilə muxtar respublika ərazisində mobil rabitə siqnallarının, televiziya və FM radio yayımlarının qəbul vəziyyətini radiomonitorinq edib və müvafiq infrastruktura baxış keçirib.

“Report”un RİNN-ə istinadən verdiyi məlumata görə, məqsəd xidmət keyfiyyətinin artırılması, muxtar respublika ərazisində, o cümlədən sərhədyanı ərazilərdə zərərli radiomaneələrin aşkar edilməsi və aradan qaldırılması, həmçinin mobil rabitə televiziya və FM radio yayım şəbəkələrində qəbulun zəif olduğu yerlərin müəyyən edilərək aidiyyəti qurumlarla birgə optimallaşdırma işlərinin həyata keçirilməsidir.

Nəticədə 3 istiqamətdə (Naxçıvan şəhəri – Şahbuz rayonu, Naxçıvan şəhəri – Ordubad rayonu və Naxçıvan şəhəri – Sədərək rayonu) yerli və xarici mobil operatorların siqnallarının əhatə dairəsi müəyyən edilib. Eyni zamanda yerli və xarici televiziya və FM radio yayımları üzrə müəyyən edilmiş nöqtələrdə radiomonitorinq işləri aparılıb.

Qeyd edək ki, RİNN-in tabeli qurumları tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023 – 2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq zəruri tədbirlər görülür.

Həmin proqramın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.7.2.1.-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mobil operatorların telekommunikasiya şəbəkələrinin Mərkəzi Baza Sisteminə inteqrasiyası, muxtar respublikanın yaşayış məntəqələrində mobil infrastrukturun zəif inkişaf edən hissələrinin (şəbəkənin zəif olduğu və ya mövcud olmadığı yerlər) müəyyənləşdirilməsi və keyfiyyətli radio-TV yayımın təmin edilməsi istiqamətində addımlar atılır.