Azərbaycanda bəzi motosikl və velosipedlərin gömrük rüsumuna cəlb edilməsi necə effekt verəcək?

Azərbaycanda bəzi motosikl və velosipedlərin gömrük rüsumuna cəlb edilməsi necə effekt verəcək?

Mayın 17-dən Azərbaycana idxal ediləcək daxiliyanma mühərrikli motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək.

"Report" bu yeniliyin həmin nəqliyyat vasitələrinin qiymətlərinə və ümumilikdə avtomobil bazarına necə təsir edəcəyini araşdırıb.

Azərbaycanda energetika üzrə ixtisaslaşmış “Turan Energy” MMC-nin rəhbəri İlqar Əliyev deyir ki, yeni qərar istənilən halda daxiliyanma mühərrikli motosiklləri və elektrik mühərrikli velosipedləri bahalaşdıracaq: “Əvəzində elektriklə işləyən oxşar qurğular, yəni ikitəkərli nəqliyyat vasitələri, elektrik motosiklet, velosipedlər və yaxud samokatların populyarlığı artacaq”.

Bununla belə, onun sözlərinə görə, yeni qərar fərqli kateqoriyadan olan elektromobillərin qiymətlərinə təsir etməyəcək.

İ.Əliyev deyir ki, Azərbaycanda elektromobillər üçün enerji doldurma məntəqələrinin sayının artacağı gözlənilir: "Hazırda ölkədə 59 ədəd ictimai enerji doldurma məntəqəsi var. Bunlarda da ümumilikdə 87 enerji doldurma nöqtəsi var. Çox güman ki, yaxın vaxtlarda elektromobillərə artan tələbat fonunda enerji doldurma məntəqələrinin və nöqtələrinin sayı artacaq. Burada bir neçə plan nəzərdə tutulub. Qısamüddətli plan 2026-cı ilə qədər, uzunmüddətli isə 2030-cu ilə qədərdir. 2026-cı ilə qədər ölkədə təqribən 1000 enerji doldurma stansiyasının olacağı ehtimal edilir. 2030-cu ildə isə bu rəqəm artıq 18 mini keçəcək”.

Ekspert hesab edir ki, 2026-cı ilin sonuna Azərbaycanda 21-25 min elektromobil olacaq. 2030-cu ildə isə bu rəqəm 115 -170 min arasında dəyişəcək.

"2026-cı ilə kimi elektrik avtobuslarının sayı 1000-dən çox, onlar üçün enerji doldurma nöqtələrinin sayı 300 olacaq. Bu məntəqələr sırf avtobuslar üçündür. Digər nəqliyyat vasitələri üçün nəzərdə tutulmayıb”, - deyə o əlavə edib.

İ.Əliyev deyir ki, Azərbaycanda şarj aparatlarının qiymətlərini proqnozlaşdırmaq hazırda bir az çətindir: “Çünki burada iki bir birinin əksi olan tendensiya var. Bunlardan biri bazarda bu avadanlığa olan ehtiyacın artmasıdır. Bu, qiymətlərin artmasına gətirib çıxarmalıdır. Digər tərəfdən də bu tip avadanlığı təklif edən şirkətlərin sayı gündən günə artır. Yəni istehsalçıların sayı artır, bu isə bazarda çoxluq yaradır. Bu isə öz növbəsində qiymətləri aşağı salır. İndi reallıqda hansının daha çox təsir edə biləcəyini bir qədər çətin proqnozlaşdırmaq olur. Ola bilsin ki, ilkin anda bir az qiymətlər qalxsın, amma sonra böyük ehtimal ki, qiymətlər aşağı düşəcək, bəlkə də indikindən aşağı olacaq".