Azərbaycan Texniki Universitetində 5G texnologiyaları əsasında tədris laboratoriyası açılıb

Azərbaycan Texniki Universitetində 5G texnologiyaları əsasında tədris laboratoriyası açılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində (AzTU) 5G texnologiyaları əsasında qurulmuş tədris laboratoriyasının açılışı olub.

"Birxeber.Az" xəbər verir ki, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində açılan yeni laboratoriya XPON texnologiyası və daha aşağı maliyyə ilə 5G stansiyaları üçün transmissiya təmin etmək imkanı verir.

Açılış mərasimində AzTU və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbər heyəti, şirkət rəhbərləri və digər qonaqlar iştirak edib. Onlar laboratoriyada yaradılan şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, ilkin mərhələdə universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək.

Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.

AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov bildirib ki, laboratoriyada müvafiq istiqamətlər üzrə tədqiqatlar aparılacaq: "5G yalnız mobil texnologiyalara aid deyil, eyni zamanda müasir "ağıllı ev", tibb, nəqliyyat, hərb və sənaye əşyalarının idarə olunması üçün geniş istifadə olunur. Laboratoriyanın açılmasında məqsəd əmək bazarının tələblərinə uyğun yerli kadrların hazırlanmasıdır. Laboratoriyada müvafiq istiqamətlər üzrə tədqiqatlar da aparılacaq. Bu təşəbbüs yeni həllərin və tədqiqatların inkişaf etdirlməsi üçün geniş imkanlar yaradacaq".