Azərbaycan mal və xidmətlərin ixracına görə Özbəkistanın TOP 20 tərəfdaş ölkəsi siyahısına daxil olub

Azərbaycan mal və xidmətlərin ixracına görə Özbəkistanın TOP 20 tərəfdaş ölkəsi siyahısına daxil olub

Bu ilin yanvar-mart aylarında Azərbaycan mal və xidmətlərin ixracı üzrə Özbəkistanın TOP-20 tərəfdaş ölkəsi siyahısına daxil olub.

"Report" Özbəkistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 18-ci yerdən 3 pillə yüksələrək, ixracda Özbəkistanın tərəfdaş ölkələri arasında 15-ci yerdə qərarlaşıb.

İlin birinci rübündə Özbəkistandan Azərbaycana dəyər ifadəsində ixrac ötən ilin yanvar-mart ayları ilə müqayisədə 44,3 % artaraq 36 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Rusiya, Çin, Türkiyə, Qazaxıstan, Fransa, Əfqanıstan və Tacikistana edilən ixracın ümumi payı isə 35,9 % təşkil edib.

İxracın strukturunda nəzərdən keçirilən dövrdə Özbəkistandan meyvə-tərəvəz tədarükü 3,4 % (219,8 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart aylarının göstəricisindən 20,7 % çoxdur. Eyni zamanda, göstərilən müddətdə Özbəkistandan Azərbaycana 3 min ton dəyərində (5 milyon ABŞ dolları) meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu tədarüklərin ümumi həcmində Azərbaycanın payı 2,3 % təşkil edib.

2024-cü ilin yanvar-mart aylarında Özbəkistanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 5 milyard 98,5 milyon ABŞ dolları, ondan ixracın həcmi 1 milyard 718,9 milyon ABŞ dolları, idxalın həcmi isə 3 milyard 379,6 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin ən böyük həcmi Rusiya (54,9 %), Qazaxıstan (18,4 %) və Türkmənistanda (4, 6%) qeydə alınıb. Azərbaycanın payı 0,9 % təşkil edib.