Hind okeanının sahilində Şərq qonaqpərvərliyi - REPORTAJ

Hind okeanının sahilində Şərq qonaqpərvərliyi - REPORTAJ

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Pakistanın daha bir şəhərinə - Kəraçiyə uçuşlara başladı.

Bu, milli aviadaşıyıcının dost ölkədə İslamabad və Lahordan sonra reyslər yerinə yetirdiyi sayca 3-cü şəhər oldu.

Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri “Airbus” markalı təyyarələrlə həyata keçiriləcək.

Sərnişinlə dolu təyyarə

Bakıdan Kəraçiyə uçan ilk təyyarə sərnişinlə dolu idi. Onunla əsasən Pakistan vətəndaşları, qismən isə Azərbaycan vətəndaşları, o cümlədən bir qrup jurnalist və bloger hərəkət edirdi. Bütün biletlərin satılması AZAL-ın Kəraçiyə və əks istiqamətdə sərnişin axını ilə bağlı hesablamalarının düzgün olmasından, yeni aviareysin özünü doğrultmasından xəbər verirdi.

İndiyə qədər Bakıdan Kəraçiyə getmək istəyənlər ən yaxşı halda bu ölkənin digər şəhərlərinə uçmalı, oradan isə son təyinat məntəqəsinə çatmalı idilər. Birbaşa uçuşların olması isə sərnişinlərə həm vaxta, həm də pula qənaət etməyə imkan verəcək. AZAL isə bu reyslə marşrut şəbəkəsini genişləndirdi, aviasiya bazarında mövqeyini bir qədər də gücləndirdi.

Səmimi qarşılanma

Kəraçinin Cinnah Beynəlxalq Hava Limanı Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın adını daşıyır və ölkənin ən böyük aeroportudur. Pakistan ərazisinə daxil olmaq üçün xarici vətəndaşlardan onlayn rejimdə verilən viza tələb olunur (viza rüsumu 25 ABŞ dollarıdır). Hava limanında bizi insan izdihamı qarşılayır. Onların arasında taksi sürücüləri, sərnişinləri qarşılamağa gələnlər, kiçik alverlə məşğul olub nə isə satmağa çalışanlar var.

Görünüşümüzə görə pakistanlılardan fərqləndiyimizi görənlər bizə yaxınlaşır, haradan gəldiyimizlə maraqlanır. Azərbaycandan olduğumuzu deyəndə insanların üzündəki ifadə dəyişir, səmimiyyət, dost münasibəti, Şərq qonaqpərvərliyi hiss edirik. Bu da təbiidir. Bir daha əmin oluruq ki, bütün məsələlərdə Azərbaycanın yanında olan, ölkəmizə dəstəyini ifadə edən təkcə Pakistan dövləti deyil, həm də xalqıdır.

Ölkənin iqtisadi, tarixi və mədəni mərkəzi

Hind okeanının (Ərəb dənizinin) sahilində yerləşən, dənizdən əsən küləklərin quraqlığı azaltdığı Kəraçini yerli sakinlər “İşıqlar şəhəri” adlandırır. O, 1947-60-cı illərdə Pakistanın paytaxtı olub. Amma indi də bu şəhərin ölkə üçün əhəmiyyəti paytaxt İslamabaddan az deyil. Kəraçi Pakistanın iqtisadi, tarixi və mədəni mərkəzi sayılır. Məsələn, Türkiyə üçün İstanbul nədirsə, Pakistan üçün də Kəraçi odur.

Pakistanın aparıcı şirkətlərinin, banklarının baş ofisləri, hətta Pakistan Fond Birjası Kəraçidə yerləşir. Buradakı dəniz limanı okeanın ən böyük və ən işlək limanlarındandır. Üstəlik, şəhər tarixi və mədəni abidələr, muzeylərlə zəngindir. Bu isə turizmin inkişafı üçün olduqca mühüm amildir. Yəni, Kəraçiyə turist kimi gəlmək istəyənlərin baş çəkə biləcəyi ünvanlar kifayət qədərdir.

Onların arasında bizim də getdiyimiz Mohatta sarayı, bir qədər əvvəl qeyd etdiyim M.Ə.Cinnahın dəfn olunduğu mavzoley və onun ev muzeyi, Milli İfa Sənəti Akademiyasının da yerləşdiyi Hindu Gimxanası, Pakistan Dövlət Bankının (Mərkəzi Bank) muzeyi və incəsənət qaleriyası xüsusi qeyd olunmalıdır.

Təhlükəsiz şəhər

Hindistanla münaqişə vəziyyətində olan, Əfqanıstan kimi qeyri-sabit ictimai-siyasi vəziyyətə malik qonşusu olan Pakistan ilk baxışdan təhlükəli ölkə təsəvvürü yaradır. Amma yerli hökumət insanların, xüsusilə də ölkəyə gələn turistlərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir. Bu baxımdan Kəraçidə də ictimai asayişin qorunması diqqət mərkəzindədir.

Bütün küçələrdə, ticarət mərkəzlərinin, restoranlar daxil olmaqla ictimai iaşə obyektlərinin, hotellərin girişində əlisilahlı polis əməkdaşlarını görmək olar. İnsanların kütləvi toplaşdığı ticarət və xidmət obyektlərinə xüsusilə ciddi nəzarət olunur, həmin obyektlərə daxil olanlar elektron avadanlıqlarla yoxlamadan keçirilir. Bu baxımdan Kəraçini təhlükəsiz şəhər saymaq olar.

İngilis dilini hamı bilir

Pakistan 77 il bundan əvvələ qədər Böyük Britaniyanın müstəmləkəsi olub. Odur ki, ölkədə ingilis dilini demək olar ki, hamı bilir. Bu ölkədə urdu dili ilə yanaşı ingilis dili də dövlət dili kimi qəbul edilib. Yəni, Pakistana turist kimi gələnlər elementar səviyyədə ingilis dilində danışa bilsə, bu ölkədə ünsiyyətlə bağlı problemi olmayacaq. Hər yerdə yazılar həm urdu, həm də ingilis dilindədir.

Münasib qiymətlər

Pakistan, o cümlədən Kəraçi turistlər üçün bahalı yer sayılmır. Burada təklif olunan bəzi əmtəə və xidmətlər Azərbaycandan ucuzdur. Bu da onunla bağlıdır ki, vaxtilə Pakistan ciddi iqtisadi problemlər yaşayıb, bəzi hallarda isə defolt olmaq həddinə yaxınlaşıb. Bir sözlə, dövlətin maddi durumu istər-istəməz bu ölkədə formalaşan qiymətlərə təsir edib.

Odur ki, Kəraçiyə turist kimi gələnlər münasib qiymətlərlə burada qala, alış-veriş edə bilərlər. Sadə bir misal, Bakıda azı 5 manata satılan maqnitli kiçik suvenirləri burada bizim pulla 1-2 manata almaq olar. Həmçinin, tekstil malları da ucuzdur. Yeri gəlmişkən, bu ölkədə də hesablaşmaların milli valyuta (rupi) ilə həyata keçirilməsinə nəzarət edirlər və dollarla nə isə almaq əksər hallarda mümkün deyil.

Pakistan AZAL üçün mühüm bazardır

Kəraçiyə səfərimiz AZAL-ın Pakistandakı baş satış agenti “Mian’s Group”un dəstəyi ilə baş tutmuşdu. Holdinqin sədri Amer Səid Mian deyir ki, Pakistan strateji mövqeyinə, iki ölkə arasındakı möhkəm mədəni əlaqələrə və aviadaşımalara artan tələbata görə “Azərbaycan Hava Yolları” üçün mühüm bazardır:

“Bundan əlavə, Pakistanın dinamik iqtisadiyyatı və inkişaf edən turizmi marşrut şəbəkəsini böyütmək istəyən aviaşirkətlər üçün ölkəni cəlbedici istiqamətə çevirir. Biz bazarı, onun səmərəliliyini və ehtiyaclarını davamlı olaraq qiymətləndiririk, mövcudluğumuzu və ya sərnişin xidmətlərimizi daha da genişləndirməyə hazırıq”.

Kəraçidən Bakıya böyük turist axını ola bilər

Kəraçiyə səfər zamanı bizi Pakistanın aparıcı turizm şirkətlərindən biri olan “Zeb Travels”in Baş icraçı direktoru Khawaja Jahan Zeb müşaiyət edirdi. Onun sözlərinə görə, Azərbaycan Pakistan üçün olduqca mühüm ölkədir, ölkəsinin vətəndaşları Bakıya və Qəbələyə səyahət etməyi sevirlər: “İndiyə qədər bizim şirkətin xətti ilə xeyli sayda pakistanlı Azərbaycana səfər edib. Hazırda Kəraçidə 30 milyondan çox insan yaşayır, bu da o deməkdir ki, AZAL-ın yeni reysi ilə bu şəhərdən ölkənizə böyük turist axını ola bilər. Azərbaycana uçuşlar Türkiyə ilə müqayisədə ucuzdur. Viza rejiminiz kifayət qədər sadədir. Qiymətləriniz münasibdir. Odur ki, ölkəniz vətəndaşlarımız üçün əlçatandır”.

Onun sözlərinə görə, gələcəkdə AZAL-la yanaşı “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) da iki ölkə arasında birbaşa uçuşlar həyata keçirə bilər: “Milli aviadaşıyıcımız Lahordan və Karaçidən Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır. Amma hazırda PIA özəlləşdirilmək ərəfəsindədir. Hökumət iqtisadi çətinlikləri nəzərə alaraq aviaşirkəti özəl sektora ötürmək istəyir. Əminəm ki, PIA-nın yeni sahibi də Azərbaycana reyslər yerinə yetirməyə maraq göstərəcək”.

Kəraçi iş adamları üçün böyük perspektivlər vəd edir

Kəraçi şəhərinin yerləşdiyi Pakistanın Sind əyalətinin Turizmin İnkişafı Korporasiyasının Baş direktoru Syed Feyaz Ali Shah isə deyir ki, ölkəsi turizm sektoruna investisiya qoymaq istəyən sahibkarlar üçün maraqlı ola bilər: “Kəraçi dəniz kənarında yerləşir, böyük təbii resurslara malikdir, biznes qurmaq istəyən və yaxud biznesini inkişaf etdirmək istəyən iş adamları üçün böyük perspektivlər vəd edir. Burada hava və dəniz limanlarının hesabına biznes aktivliyi müşahidə olunur və xarici sahibkarlar bundan faydalana bilərlər. Kəraçi həmçinin zəngin tarixə, arxeologiyaya, mədəniyyətə və ənənələrə malikdir.

UNESCO (Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu) bu ərazini 5 mindən artıq yaşa malik sivilizasiyanın olduğu yer kimi qəbul edib. Biz Azərbaycandan tələbələri, alimləri, arxeoloqları ölkəmizə - Sind əyalətinə tanışlıq səfərinə dəvət edirik ki, onlar bizim dağlarımızda ekspedisiyada olsunlar, hər şeyi öz gözləri ilə görsünlər. Ümumiyyətlə isə biz iki ölkə arasında qarşılıqlı səfərlərin təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması üçün çalışırıq. Məqsədimiz odur ki, Azərbaycan və Pakistan bir-birinin imkanlarına qarşılıqlı şəkildə bələd olsunlar. Mən AZAL-ı və Azərbaycan Turizm Bürosunu (Dövlət Turizm Agentliyinə məxsusdur) bizim ofisimizə dəvət edirəm. Biz birlikdə işləyə, iki ölkə arasında turizm əlaqələrinin inkişafını dəstəkləyə bilərik”.