Rumıniyalı ekspert: Azərbaycanın hazırkı addımları Avropa İttifaqı üçün çox vacib siqnallardır

Rumıniyalı ekspert: Azərbaycanın hazırkı addımları Avropa İttifaqı üçün çox vacib siqnallardır

Azərbaycanın hazırkı addımları Avropa İttifaqı (Aİ) üçün çox vacib siqnallardır.

Bunu “Birxeber.Az”a açıqlamasında Rumıniyanın Münaqişələrin Qarşısının alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Kifu (Lulian Chifu) deyib.

O vurğulayıb ki, neft hasilatçısı olan bir ölkənin iqlim konfransına ev sahibliyi etməsi çox mühüm məsələdir: “COP29-a Azərbaycanın ev sahibliyi etməsi yolunda Ermənistan öz namizədliyini geri çəkib, bu, artıq iki ölkə arasındakı ikitərəfli münasibətlərdə irəliləyişin olduğunu göstərir. COP29 həm də onu göstərir ki, Azərbaycan Avropa İttifaqının əsas mesajlarından və siyasətlərindən birini qəbul edib. Belə ki, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizə Aİ üçün insan hüquqlarının qorunması qədər mühüm və prioritet məsələdir. Ona görə də Azərbaycanın hazırkı addımları Avropa İttifaqı üçün çox vacib siqnallardır”.

Ekspert hesab edir ki, bunlar həm açıqlıq, həm də Azərbaycanın ikitərəfli münasibətlərdə və sülh prosesində nail ola biləcəyi həll yollarının tapılması istiqamətində çox vacib siqnallardır.

“Bütün bunlar neft ölkəsi olduğu halda "yaşıl enerji"yə və qlobal istiləşmə ilə mübarizəyə sərmayə qoymaqda maraqlı olan Azərbaycanın nüfuzunu artırır. Neft ölkələri qlobal istiləşmə ilə mübarizəyə qoşulur və biz irəliyə doğru atılan bu addımları yüksək qiymətləndiririk”, - o əlavə edib.