İlon Maskın şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib

İlon Maskın şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib

Amerikalı sahibkar İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə biznesmen sosial şəbəkədə bildirib.

“Dünən ilk şəxsə “Neuralink” çipi qoyuldu, əməliyyatdan sonra sağalma yaxşı gedir”, - deyə İ.Mask qeyd edib ki, cihazın performansı perspektivli görünür.

Sahibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

"İlk istifadəçilər üzvlərinə nəzarəti itirmiş insanlar olacaq. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, - deyə o sözlərinə əlavə edib.

“Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və nəticədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə yardımçı olacaq.