Rusiya XİN: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması səylərinin davam etdirilməsi zəruridir

Rusiya XİN: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması səylərinin davam etdirilməsi zəruridir

Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirliyin “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi” mövzusunda kollegiya iclası keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, kollegiya iclasında “Rusiyanı strateji məğlubiyyətə uğratmaq” naminə Ukraynanın ardınca “kollektiv Qərb”in postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti destabilləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışdığı vurğulanıb.

Qeyd olunub ki, sırf “sıfır məbləğli oyunlar” məntiqi ilə idarə olunan qərblilərdən fərqli olaraq, Rusiya üçün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi həmişə prioritet olub və belə də qalır.

"Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək", - nazir bildirib.

Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər kompleksinin tam yerinə yetirilməsi, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, Ermənistan-Azərbaycan sərhəddinin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılması üçün səylərin davam etdirilməsi zəruri hesab edilib.

Abxaziya, Gürcüstan və Cənubi Osetiyanın iştirakı ilə Cənubi Qafqaz üzrə Beynəlxalq Cenevrə Müzakirələri çərçivəsində Rusiya gücdən istifadə etməməyə dair etibarlı razılaşmaların əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Regionun üzləşdiyi problemlərin həlli maraqları naminə onun əlaqələrinin və özünü təmin etməsinin gücləndirilməsi vəzifələri, ilk növbədə, kənar müdaxilə olmadan region liderlərinin öz səyləri ilə nəzərdən keçirilir. Bu kontekstdə “3+3” Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməli addımlar müəyyən edilib", deyə Rusiya Xarici Siyasət İdarəsinin yaydığı məlumatda qeyd olunub.