MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır

MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır

Geosiyasi iğtişaşların kölgəsində qalsa da, regionumuzda MDB-nin maliyyə landşaftı üçün ciddi nəticələrə səbəb ola biləcək bir hadisə baş verir. Bu günlərdə MDB Ölkələrinin Beynəlxalq Birjalar Assosiasiyasının (MDB BBA) Daşkənddə keçirilən iclasında üzv birjalar əməkdaşlığın və inkişafın yeni dövrünü qeyd edən yeni strateji plan qəbul ediblər.

Özbəkistana səfər çərçivəsində Bakı Fond Birjası (BFB) və Daşkənd Fond Birjasının (DFB) nümayəndə heyətləri arasında keçirilən görüşün əsas mövzusu təcrübə mübadiləsi olub. BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov və İdarə Heyətinin sədri Ruslan Xəlilov birjanın yeni ticarət platformasına keçidi ilə bağlı təcrübələrini bölüşüb, onun səmərəliliyin və likvidliyin artırılmasında üstünlüklərini vurğulayıblar.

BFB nümayəndələri Özbəkistanın xarici investorlar üçün yerli fond bazarına çıxışı açmaq səylərini müsbət qiymətləndiriblər. Tərəflər Özbəkistan və Azərbaycanın kapital bazarlarının infrastrukturunun təkmilləşdirilməsi üzrə mümkün birgə təşəbbüsləri müzakirə ediblər.

Bu əməkdaşlıq təkcə iki ölkədə deyil, həm də bütövlükdə regionda kapital bazarlarının böyüməsi və inteqrasiyası üçün katalizator ola bilər.

Bundan əlavə, BFB bütün əsas göstəricilər üzrə DFB-ni qabaqlayır. BFB-də daha yüksək ticarət həcmi, daha çoxşaxəli bazar strukturu və korporativ qiymətli kağızlar bazarının fəal inkişafı müşahidə olunur. Öz növbəsində DFB-nin öz fond indeksi (UCI) var və artıq onun platformasında ilkin ictimai təkliflər (IPO) keçirilir. Özü də ötən il DFB-də 3 IPO olub (“UzAuto Motors”, “Uzbektelecom”, “Uzbekinvest”). Amma cəlb edilən vəsaitin həcmi 10 milyon ABŞ dollarını keçməyib ki, bu da Özbəkistan iqtisadiyyatı üçün çox cüzi göstəricidir. Bu arada yeni oyunçuların meydana çıxması bazara da təsir edib. 2022-ci illə müqayisədə birjada əməliyyatların sayı 5 dəfə artıb.

BFB-də 2023-cü ildə 27 milyard 335 milyon 355 min manat (16 milyard ABŞ dolları) məbləğində əqdlər bağlanıb ki, bu da DFB ilə müqayisədə 69,6 dəfə çoxdur. 2023-cü ildə BFB-də ticarətin həcmi 2022-ci illə müqayisədə 82,9 % artıb.

Bununla belə, DFB-dəki əqdlərin sayı BFB-də aparılan əməliyyatların sayından 31,9 dəfə çox olub (BFB-də 23 % artımla 12 918 əqd bağlanılıb).

BFB-də repo sövdələşmələri – Mərkəzi Bankın qiymətli kağızları ilə əqdlər üstünlük təşkil edir (63,6 %), daha sonra isə dövlət qiymətli kağızları (30,7 %) və korporativ qiymətli kağızlar (5,6 %) ilə əqdlər gəlir. DFB-də bazarın strukturu bir qədər fərqlidir və orada səhmlər və istiqrazlar kotirovka olunur. Sonuncu ilə ötən il 477 əməliyyat həyata keçirilib (illik müqayisədə 7 dəfə artım).

Beləliklə, tərəflərin bir-birindən, xüsusən də MDB ölkələrindən öyrənməli olduğu çox şey var.

Daşkənddə keçirilən görüşün əsas məqamı MDB BBA üzrə yeni strateji planın qəbulu olub. Üzv birjaların təcrübələri və istəkləri əsasında hazırlanmış plan assosiasiyanın işində şəffaflığı, hesabatlılığı və səmərəliliyi artırmaq məqsədi daşıyır.

Buraya MDB BBA-nın korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi, tənzimləyici və nəzarət orqanları ilə əməkdaşlığın gücləndirilməsi, MDB kapital bazarlarında yeni məhsul və xidmətlərin inkişafının təşviqi, investorlar və geniş ictimaiyyət arasında birja fəaliyyəti haqqında məlumatlılığın artırılması kimi tədbirlər daxildir.

Yeni plan MAB BBA-nın regional kapital bazarlarının inkişafında aparıcı rol oynamağa qadir dinamik qüvvə kimi mövqe tutmasına şərait yaradır. O, fraqmentli yanaşmadan imtina edilməsini və MDB birjalarının gələcəyi üçün daha bütöv və strateji baxışa keçidi özündə təcəssüm etdirir.

Bu hadisənin regiona təsirini qiymətləndirməmək mümkün deyil. Belə ki, yeni strateji plan regiona investisiya axınını stimullaşdıra, daha çoxşaxəli və dayanıqlı iqtisadiyyatların yaradılmasına kömək edə, MDB məkanında inteqrasiya proseslərini gücləndirə bilər.

Növbəti illərdə MDB birjalarında əhəmiyyətli dəyişikliklərin şahidi olacağımız gözlənilir.

Yeni strateji planın qəbulu, necə deyərlər, başlanğıc nöqtə oldu. Əməkdaşlıq, innovasiya və mükəmməlliyə can atmaq – bax, bu amillər MDB birjaları üçün yeni tərəqqi dövrünün qapısını açacaq açarlardır.