AYİB: Bərpa olunan enerji hərracları Azərbaycanda dayanıqlı enerji sektoru üçün böyük addımdır

AYİB: Bərpa olunan enerji hərracları Azərbaycanda dayanıqlı enerji sektoru üçün böyük addımdır

“Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə hərracların tətbiqi ilə bağlı qərarı şaxələndirilmiş və dayanıqlı enerji sektoruna doğru böyük addımdır".

"Birxeber.Az-Economics"xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun Yaxın Şərq və Afrika üzrə Enerji bölməsinin rəhbəri Aida Sitdikova Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini şərh edərkən deyib.

"Son illərdə hökumət yaşıl özəl sektor maliyyəsini cəlb etmək üçün islahatlar aparıb, strategiyalar hazırlayıb və qanunvericilik tətbiq edib. Ölkənin yaşıl gündəliyinə uyğun olaraq, AYİB, məsələn, yeni Bərpa Olunan Enerji Qanununa daxil olan məlumatlar vasitəsilə bərpa olunan enerji üçün rəqabətli satınalmaların tətbiqi üçün lazımi hüquqi və tənzimləyici bazanın işlənib hazırlanmasında yerli dövlət qurumlarını dəstəkləyib. AYİB bu prosesdə əsas rol oynamaqdan qürur duyur və bunun üçün çalışan maraqlı tərəflərə, o cümlədən Energetika Nazirliyinə, Azərbaycan Bərpa Olunan Enerji Agentliyinə təşəkkür edir”- Aida Sitdikova qeyd edib.

O həmçinin əlavə edib ki, AYİB Azərbaycanın karbonsızlaşdırma planlarını dəstəkləyir. Bank Qaradağda ilk geniş miqyaslı günəş elektrik stansiyasının və Abşeron və Xızıda ölkənin ən böyük külək stansiyalarının maliyyələşdirilməsi də daxil olmaqla, burada yaşıl layihələrin həyata keçirilməsində mühüm rol oynayıb. İndiyə kimi, Azərbaycanda 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə qoyub.