Səfir: “Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır”

Səfir: “Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır”

Hazırda Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.

“Birxeber.Az”un Azərbaycanın Çindəki səfirliyinə istinadən verdiyi məlumata görə, bunu səfir Bünyad Hüseynov bu gün Səfirlikdə keçirilən “Azərbaycanda investisiya və ticarətin təşviqi” adlı konfransda bildirib.

Onun sözlərinə görə, Çin Azərbaycanın ikinci idxal mənbəyidir: “Ötən il ikitərəfli ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisədə 44 %-dən çox artaraq, 3,1 milyard ABŞ dollarına çatıb. Eyni zamanda Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsi və texnologiyası ölkəmiz üçün xüsusi maraq kəsb edir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq işlərində, o cümlədən yaşıl enerji layihələrində Çin şirkətlərinin fəal iştirakında maraqlıyıq”.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər sayəsində Azərbaycan-Çin əlaqələri keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Dövlət başçılarının iqtisadi əməkdaşlığın diversifikasiyası və keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, yaşıl enerji, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əməkdaşlıq genişləndirilməkdədir. Azərbaycan Çinin “Kəmər və yol təşəbbüsü”nü ilk dəstəkləyən ölkələrdən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də daxil olmaqla Azərbaycanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələri sözügedən təşəbbüsə əhəmiyyətli töhfələr verir. Orta Dəhlizin inkişafı ilə Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa, səmərəli və təhlükəsiz nəqliyyat marşrutu formalaşıb”.

Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) prezidenti He Zhenvei çıxışında bildirib ki, iki xalq arasında mübadilə körpüsü rolunu oynayan qədim İpək Yolu ticarətin çiçəklənməsi üçün layiqli bir tarix yaradıb: “Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından keçən son 30 il ərzində hər cür çağırışlara baxmayaraq, iki ölkə arasında münasibətlər dəyişməz olaraq qalıb və daha da möhkəmlənib, dərin qarşılıqlı etimad və sıx qarşılıqlı fəaliyyət sayəsində sağlam, sabit və mütərəqqi inkişafın möhkəm dinamikasını qoruyub. Avrasiya qitəsinin mərkəzində yerləşən Azərbaycan Şərq ilə Qərbi birləşdirən nəqliyyat qovşağıdır. Sədr Si Cinpin “Kəmər və Yol Əməkdaşlığı üzrə Üçüncü Beynəlxalq Forumu”un açılış mərasimindəki nitqində Çinin “Bir kəmər və bir yol” çoxşaxəli nəqliyyat sisteminin yaradılmasını sürətləndirəcəyini, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasında iştirak edəcəyini və “Dəniz İpək Yolu” layihəsi çərçivəsində limanların, gəmiçilik və ticarət xidmətlərinin fəal şəkildə əlaqələndiriləcəyini qeyd edib”.

O qeyd edib ki, Azərbaycan Transxəzər tranzit dəhlizində əsas rol oynayır və böyük investisiya potensialına malik Avropa və Asiyanın qovşağında dinamik inkişaf edən bazara çevrilir: “Azərbaycan özünü təkcə “Kəmər və Yol təşəbbüsü”nün əvəzolunmaz iştirakçısı kimi deyil, həm də Cənubi Qafqaz regionuna və Avropa İttifaqı bazarına yönəlmiş Çin şirkətləri üçün mühüm qapı kimi təqdim edir. Çin və Azərbaycan müxtəlif mədəniyyətləri və etnik ənənələri, eləcə də min illərlə davam edən dərin xalqlararası təmasları bölüşürlər. Üstəlik, iki ölkəni açıqlıq, inklüzivlik və inkişaf birləşdirir”.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanın iqtisadi və ticarət potensialı, biznes və sərmayə mühiti, nəqliyyat-logistika infrastrukturu, “Kəmər və yol təşəbbüsü”nün icrasındakı rolu, Orta Dəhlizin əhəmiyyəti barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, Azərbaycan məhsullarının Çinə ixracını təşviq etmək məqsədi ilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində “Azərbaycan Ticarət Evi” və “Azərbaycan Şərab Evi” açılıb. Yaxın vaxtlarda Çinin daha 2 şəhərində ticarət evi açılması nəzərdə tutulur.

Eyni zamanda tədbirdə AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirovun, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Çin nümayəndəliyinin rəhbəri Rinat Əzizovun, Azərbaycan Turizm Bürosunun Çindəki nümayəndəliyinin marketinq meneceri Elza Canın, CODA-nın prezidenti He Cenveyin və Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkətinin rəhbəri Don Veyin təqdimatları dinlənilib.

Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, özəl sektorun və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.