Başlayan delimitasya prosesi – “stəkanda fırtına”nı xatırladan maneələr

Başlayan delimitasya prosesi – “stəkanda fırtına”nı xatırladan maneələr

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi iki ölkə arasında normallaşma prosesini sürətləndirə bilər.

Bunun üçün 8 kəndin qaytarılması vacib sayılır. İki ölkə arasında sərhədyanı 4 kəndin geri qaytarılması tərəflər arasında etimad mühitinin yaranmasına təkan verər.

Ancaq Ermənistan hakimiyyətinin, baş nazir Nikol Paşinyanın irəli sürdüyü bir sıra ideyaların reallaşmasına daxili və xarici maneələr də var.

Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarını qaytaracaq. O halda sual yaranır: sərhədlərin müəyyənləşməsinə, torpaqların geri qaytarılmasına kim və niyə mane olmaq istəyir?

30 ildən artıq işğal altında saxlanılan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin geri qaytarılması ərazidə hay-küylə qarşılanıb.

Məlumata görə, hazırda Bağanis Ayrımda vəziyyət gərgindir. Polis kəndə gedən yolu bağlayıb. Əraziyə toplaşanlar iddia edir ki, kəndlər arasında yol tikintisi başlayacaq.

Ancaq Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, Bağanis Ayrım, Aşağı Əskipara kəndləri arasında aprelin 23-də sərhədlərin demarkasiyası üzrə işlərə başlanılıb. Qurum ölkənin ərazisinin bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edib.

Kənd sakinləri kimi əraziyə toplaşanlar da çəkilişlərə icazə vermir. Onlar bir çəkiliş qrupunu oradan zorla çıxarıblar. Bölgəyə deputatların gəldiyi də bildirilib.

Ermənistan hakimiyyəti 30 ildir bəhs etdiyimiz kəndləri öz ərazisi sayır. Hətta onları Tavuş vilayətinin tabeliyinə aid edib. Kəndlərə başçılar təyin olunub, orada prezident, parlament və bələdiyyə seçkiləri keçirilib.

Bağanis Ayrım kəndinə rəsmi İrəvanın təyin etdiyi “başçı” Gevork Saakyan Ermənistan hökumətinin delimitasiya üzrə işçi qrupunun tərkibindən çıxdığını bildirib. O, Ermənistan hökumətinin təklifi ilə razılaşmadığını qeyd edib.

Kəndin başçısı Ermənistan-Gürcüstan yolunu bağlayanların sırasına qoşularaq deyib ki, həmkəndliləri olduğu yerdə duracaq. Gevork Saakyan prosesi əngəlləyən rəsmi şəxslərdən sayılır. Bununla guya rəsmi nümayəndənin, deputatların belə hökumətin qərarı ilə razılaşmadıqlarını nümayiş etdirməyə çalışırlar.

Bölgədə kilsə də sərhədlərin dinc yolla müəyyənləşməsinə mane olanlardandır. Yepiskop Baqrat Qalstyan hətta Ermənistan hökumətini də hədələyib.

Ehtiyatda olan polkovnik Miqran Maxsudyan da etirazçılar sırasındadır. Aprelin 23-də onu Hərbi İstintaq Baş İdarəsi çağırıb. O, məsələ ilə bağlı İrəvana gedib. Qeyd edək ki, o, Azat kəndində 15 hərbçinin ölümü ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyi ikinci ordu korpusu qərargahının rəisi vəzifəsindən azad olunmuşdu.

Fransanın erməniəsilli hərbi jurnalisti Leo Nikolyanın Ermənistana girişi qadağan edilib. O, İrəvanda “Zvartnots” beynəlxalq hava limanında aclıq elan edib. Bildirib ki, Ermənistanı tərk etməyəcək. Leo Nikolyan vurğulayıb ki, ölkəyə girişə qadağa ilə bağlı qərar ona təqdim edilməyib. O, 1991-1994-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində yaşadığını və orada yaralandığını da bildirib. Ehtimal etmək olar ki, Leo Nikolyan Ermənistan hakimiyyətinin Azərbaycanla bağlı irəli sürdüyü təkliflərə qarşı çıxanlardan sayılır. Onun işğal dövründə qanunsuz olaraq Azərbaycan ərazində yaşaması, hətta, döyüşlərdə iştirak etməsi də rəsmi İrəvanı qane etməyən məsələlərdəndir. Çünki rəsmi İrəvanın ölkədəki separatçılarla münasibəti heç də yaxşı sayılmır. Bundan başqa ola bilsin fransalı hərbi jurnalistin Qarabağı könüllü tərk edən sakinlərə təsir etmək imkanı da var. Görünür, hökumətin uyğun qurumu indiki gərgin şəraitdə Nikolyanın yarada biləcəyi ehtimal olunan hay-küyü bu sayaq yatırtmağa üstünlük verib.

Ermənistan müxalifətinin prosesə mane olmaq cəhdləri də uğursuz olub. Çünki bu ölkənin müxalifəti Rusiyayönlüdür. ABŞ kimi RF-də kəndlərin geri qaytarılması ilə başlayan demarkasiya prosesini alqışlayıb.

Bu halda keşişin, ehtiyatda olan polkovnikin, bəzi deputatların, hətta kənd “başçısının” iddiaları yersiz və əsassız görünür. Prosesi alqışlayanlar həm də bu ərazilərin vaxtı ilə işğal olunduğunu da təsdiqləyiblər. Odur ki, müxtəlif aksiya keçirənlər daha çox şəxsi maraqlarını güdmüş sayılırlar. Polkovnik 15 hərbçinin kazarmada yanması ilə bağlı məsələdə ittiham olunur. Bölgədəki kilsə keşişin nəzarətindən çıxacaq. Bu halda onun hakimiyyətdən və müəyyən qazancdan məhrum olacağı gözlənilir. Habelə bunu həm də erməni kilsəsi ilə Nikol Paşinyan hökuməti arasında mövcud münaqişənin davamı kimi də görmək mümkündür.

Odur ki, 4 kəndin qaytarılmasına, demarkasiyanın başlamasına mane olanların etirazını Stalin demiş “stəkanda fırtına”da adlandırmaq olar. Bu “aksiyalardan” isə rəsmi İrəvanın prosesə təzyiq kimi istifadə etməsi çox gülünc olar.

Beləliklə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Bunu iki ölkə münasibətlərinin normallaşması istiqamətində prosesin başlaması kimi dəyərləndirmək olar.