ATƏT-in tədbirində Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşüb, erməni diplomatın təxribatı baş tutmayıb

ATƏT-in tədbirində Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşüb, erməni diplomatın təxribatı baş tutmayıb

ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında mübahisə baş verib.

"Birxeber.Az"un əldə etdiyi məlumata görə, Ermənistanın Avstriyadakı səfirliyinin əməkdaşı iclasın əvvəlində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Kamal Cəfərovun tədbirdə icma nümayəndəsi kimi iştirakına mane olmağa çalışıb.

Diplomat daha sonra rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirib, ancaq təxribatı baş tutmadığı üçün demarş edərək iclas zalından çıxıb.

K.Cəfərov cavabında Qərbi Azərbaycan İcmasının heç bir ərazi iddiası olmadığını bəyan edib:

"Təşkilatımız qeyri-hökumət təşkilatıdır və çox yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə heç bir dövlətə ərazi iddiası ola bilməz. Ermənistan nümayəndə heyətinin bu əsassız iddiaları isə onların avtoritar həyasızlığın növbəti nümunəsidir".

İcma nümayəndəsi vurğulayıb ki, ermənilər əsrlər boyu azərbaycanlıları evindən deportasiya edib:

"Onlar bizə qarşı etnik təmizləmə həyata keçiriblər. İndi də burada səsimizi kəsmək istəyirlər. Bu isə heç vaxt olmayacaq. Biz həmişə həqiqətləri ifadə edəcək, faktları deyəcəyik".