Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda rəsmi səviyyədə yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıb

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda rəsmi səviyyədə yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıb

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” iş üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Qaregin Njdenin və onun irqçi ideologiyasının azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdəki rolundan danışıb.

APA xəbər verir ki, Elnur Məmmədov işğal illərində Ermənistanın Njdenin ideoloji davamçısı olduğunu bəyan edən partiya tərəfindən idarə edildiyini, onun təlimlərinin bu gün də rəsmi səviyyədə yaşadıldığını, müxtəlif erməni faşist qrupları tərəfindən də mənimsədildiyini BƏM-in hakimlərinin diqqətinə çatdırıb.

“İşğal dövründə Ermənistan Ermənistan Respublika Partiyası (ERP) tərəfindən idarə edilib. ERP “Tseğakronizm” ideologiyasının sadiq davamçısıdır və onun əsasını qoyan Qaregin Njdeni ideallaşdırır. ERP hətta bu gün belə Njde “Tsegakronizm” profesiozunun və Milli Birlik Partiyasının ideoloji və siyasi xələfi lduğunu fəxrlə bəyan edir”, - Elnur Məmmədov vurğulayıb.

Nazir müavini qeyd edib ki, ERP-nin ideoloji bazası Njdenin təlimatlarıdır: “Bu təlimatlarda qeyd olunub ki, “güclü və Ari xalq olmaq öz mövcudluğu naminə ölümə məhəl qoymamaq anlamına gəlir” və “Tsegakronizm” irq qanına sitayişi tələb edir və qarışıq evliliklərin əleyhinədir”.

Elnur Məmmədov Njdenin təlimatlarının həmçinin işğalı təşviq etdiyini diqqətə çatdırıb. O, “Tseğakron” ideologiyasından bir neçə sitatı məhkəmənin diqqətinə çatdırıb: “Müasir Ermənistan bizim (ermənilərin) tarixi vətənimizin yalnız 19-da 1 hissəsini əhatə edir… Mən “Tseğakron”am və mən öz irqimin düşmənini, Türkləri məğlub etməliyəm”, - sitatda qeyd olunub.

Elnur Məmmədov onu da qeyd edib ki, Njde bu gün də Ermənistanda milli qəhrəman olaraq qalır. Qeyd edib ki, onun şərəfinə hazırlanmış abidələrdən birinin açılışını 2016-cı ildə Ermənistan Prezidenti edib.