Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - MÜSAHİBƏ

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - MÜSAHİBƏ

Rejissor İlqar Nəcəfin 2017-ci ildə çəkdiyi “Nar bağı” filmində Qabil obrazı var. O Qabil ki, uzun müddət ailəsini atıb Rusiyada yaşayır və günlərin bir günü, daha doğrusu, gecələrin bir gecəsi qəfildən peyda olur. Və çox qısa müddət ərzində yenidən ailəsinin qılığına girir, həyat yoldaşının könlünü alır və elə yenə də gecələrin birində bütün ailənin varı-yoxu olan nar bağını dəyər-dəyməzinə satıb aradan çıxır.

Qabil obrazının final hərəkətindən sonra aktyor Səmimi Fərhada böyük bir “Niyə?” sualım vardı. Doğrudur, bu, ssenarinin, dolayısı ilə Çexovun tələbi idi. Amma, hər halda, aktyorun da bu suala verəcək cavabı olmalı idi.

“Nar bağı”, “Suğra və oğulları”, “Əqrəb mövsümü” kimi film və seriallarda spesifik xarakterlər yaratmış aktyor Səmimi Fərhadın APA-ya müsahibəsi

– ...“Nar bağı”ndan söz düşmüşkən qeyd edim ki, mənim filmoqrafiyamda 5 yaxşı film varsa, onun ikisi həm yaxşı rejissor, həm də yaxşı dost İlqar Nəcəfin işidir.

“Suğra və oğulları” filmində Əhəd obrazı baş rol olmasa da, ümumi karyeramda mənə ən yaxın obraz olmağı ilə bütün filmlərimdən fərqlənir. “Nar bağı” filmindəki roluma – Qabil obrazına gəlincə, bu barədə çox danışmaq olar. Mən Qabili belə görür, belə hiss edir və belə oynadım ki, Qabil həmişə öz xətalarını böyük bəlaya çevirən adamdır. Lap başdan səhv qərar verir və bu səhvdən sonra bütün ömrü boyu nəyisə qaydasına qoymaq üçün daha böyük səhvlər etməyə məcbur qoyur özünü. Finaldakı qərar da məhz bu səhvlərin yekunu idi.

– Səmimi bəy, Laçındansız.

– Bəli, Laçının özündən.

– Bir müddətdir, Laçına köç prosesi davam edir. Hətta bir neçə yaradıcı, sənət adamı da qayıdıb öz yurduna. Sizin bu barədə fikriniz nədir?

– Təbii ki, Laçına köçəcəyəm. Fikrim Laçına köçmək, orada yaşamaq və elə orada da ölməkdir. Sadəcə, evimizin hazır olmasını gözləyirəm. Hazır olana qədər də deyim ki, çox səbirsizlənirəm. Hətta tez-tez gedirəm. Burada yuxularımı qatıram, yuxusuz oluram, yata bilmirəm. Buna görə də, bir növ, terapiya kimi gedib oraları gəzib qayıdıram. Yaxşı da təsir edir.

– Son dönəm bir xeyli kino və seriallara çəkildiniz və xarakterik obrazlar yaratdınız. Bunun da nəticəsində aktyor kimi əməllicə populyarlıq qazandınız, daha çox tanındınız.

– Təşəkkür edirəm. Amma inan ki mən hələ də bilmirəm, tanınmaq nəyə deyirsiniz...

– Yəni əvvəlki Səmimi Fərhada olan münasibətlə indikinin fərqli olması. Məsələn, bu terrasa qalxana qədər rastınıza çıxan adamların münasibəti... Məşhur olduğunuzu hiss eləmirsiniz?

– Aydındır. Bilirsiniz, mən sırf bu məqsəd üçün çalışmamışam. Mənim məqsədim içində olduğum işi daha yaxşı görməkdir. İşimin daha keyfiyyətli alınmasından başqa nəsə düşünmürəm. Populyarlıq deyirsiniz, daha əvvəllər də populyar olmağım üçün şanslarım olub, hətta daha sürətli. Amma mən bir az əziyyətli yolu seçdim. Sizə açıq deyim, bu gün Azərbaycan kino cameəsində nə olur, olsun, fərqi yoxdur, hər şey axırda gəlib aktyora dəyir. Əziyyəti o çəkir. Tutaq ki, layihə üçün 1 milyon pul ayrılıb, onun vur-tut 300 mini film üçün xərclənir, yerdə qalan 700 min yoxa çıxır. Bilmirsən ki, bu hara getdi? Amma fakt o 700 min ortada yoxdur. Belə olan halda, texniki problem yaranır, filmin hazırlıq prosesində problem yaranır... Bütün sahələrdə axsaqlıq baş verir. Sənə qədər ssenaristi var, rejissoru var, operatoru var, ikinci rejissoru var... Ən sonda sənsən. Aktyor. Bu adamlar da, əlbəttə, əziyyət çəkir, işləyirlər, amma ona uyğun qonorar, maaş almırlar. Aktyora çatanda deyirlər ki, bəs bağışla, texnikaya pulumuz çox çıxdı. Azərbaycan reallığı ondan ibarətdir ki, tanındıqca daha da geri düşürsən. Sənin həmkarın yavaş-yavaş səni istəmir.

– Paxıllıq...

– Mən, düzü, onun adının nə olduğunu bilmirəm. Amma hiss edirəm. Mənim üçün qibtə anlayışı var. Bu, normal bir hissdir. “Qardaş, nə gözəl köynəyin var, sağlığına qismət, mənim də olsun” – bu qibtədir, paxıllıq deyil. Paxıllıq odur ki, bu köynək niyə səndə var? Niyə? Olmasın.

Müğənni toyun birində yaxşı oxuyursa, toydan toy tutur. Amma aktyor sənəti belə deyil. Bizdə sən öz işində yaxşısansa, irəli getməkdənsə, daha da geri düşürsən. Çünki gərək məcbur bir müddət gözləyəsən. Yenə dolasan, dolasan, dolasan və haradasa bir partlayış ola. Bəs buna qədər məişət xərcləri, sənin öz xərclərin, ailə xərclərin... Bunlar necəsə qarşılanmalıdır, ya yox?! Mən bir sıra xarici layihələrdə də olmuşam və orada özümü aktyor kimi hiss etmişəm. Burada isə yox.

– Burada aktyor kimi hiss eləməyə imkan vermirlər?

– Yox, burda mümkün deyil.

– Bütün bu saydıqlarımız həm də kinomuzun indiki böhran dövrünün nəticəsidir, məncə.

– Qardaş, böhran nəyə deyirsiniz? O qədər pullar ayrılır. Dövlət də ayırır, özəl təşkilat və kanallar da.

– Amma nəticəni görmürük.

– Görmürük. Çünki layihə üçün, məsələn, 50 seriya danışılıb, onun 7 seriyası bitər-bitməz artıq ortaya şəxsi mənafelər girir. Tələsmə də. Öz rifahın üçün bir az səbirli ol, nə olar ki? Bu pul onsuz da gəlir, davamlıdır, niyə tələsirsən? Axı işin keyfiyyəti ölür. Sən aktyoru, bəstəkarı, rejissoru, operatoru narazı qoya-qoya işin keyfiyyətinə birbaşa təsir edirsən. Ona görə də serialların çoxu bu məsələlərə görə uğursuz olur, dayandırılır. Mən belə problemləri çox yaşamışam.

– Aydındır. Yaxşı səs tembriniz var. Nə əcəb dublyajla məşğul deyilsiniz?

– Çünki mən dublyajın peşəkarı deyiləm. Bu sahənin öz peşəkarları var.

– Amma inkişaf etdirmək olar.

– Olar. Amma mən istəmirəm. Çünki özümü o sahədə inkişaf etdirsəm, kinoda olmayacağam. Adam var, universaldır, çox gözəl. Mümkündür. Amma mən universal deyiləm. Həm filmə çəkilim, həm dublyaj işində, həm teatrda, hələ bir vaxt edib tamada da gedim. Yox. Olmur.

– Bax tamada deyirsiniz...

– Üzr istəyirəm, məndən həmişə istifadə ediblər. Niyə? Çünki bilirlər ki, mən 3 manat alsam da, işimi düzgün, vicdanla görürəm, 3 min alsam da. O adamın əlində müəyyən büdcə ola-ola mənim halal pulumu kəsirsə, məni istismar etmiş olur. Mən də həmişə aldanıram. Vallah, adım kimi səmimiyəm. Qeyri-səmimilik mənlik deyil.

– Baxın, aktyora, ümumən kino adamına dəyər məsələsindən danışdıq. Deyirsiniz, dublyaja getmirəm, tamada olmaq istəmirəm. Yəni aktyorluqda peşəkar olmaq üçün bunlardan imtinanı gözə almısınız. Bəs bu imtinalardan sonra aktyor kimi dolana bilirsiniz?

– Nihat bəy, mənim 44 yaşım var. Və mən bu gün evin uşağıyam. Ailəm və qohumlarım tərəfindən mənə hər zaman dəstək olub. Onun içində təzə maşın da olub, ev də. Bu dəstəklər ona görə olub ki, eybi yoxdur, sən sənətinlə məşğul ol. Çünki mən bu sənəti sevirəm. Uşaqlıqdan incəsənətə marağım olub. Laçınlı bir qonşumun sayəsində rəssamlıq qabiliyyətimi bir xeyli inkişaf etdirmişəm. Daha sonra musiqi təhsili almışam. Və heç bir təhsilim olmaya-olmaya Kukla Teatrında rəhmətlik Rəhman Əlizadənin yanına getmişəm. Orada da bir müddət qaldım, bir neçə tamaşaya baxdım, ardından məni radiodan çağırdılar. Bir az da onunla məşğul oldum. Bütün bunların hamısı mənim aktyor kimi formalaşmağımda pay sahibidir.

– Yəni konkret olaraq, aktyor qonorarına qalsa, dolanışıq...

– Yox. Qətiyyən mümkün deyil. Mənim kreditlərim var, ayrı-ayrı müxtəlif xərclərim var. Yəni Əlinin papağını Vəlinin başına qoyuram, Vəlinin papağını da Əlinin.

– Onda toylara tamada kimi gedənləri niyə qınayırıq?

– Mən qınamıram ki!.. Bilirsiniz, mən qınadıqlarımı yaşamışam, ağladığıma gülmüşəm, güldüyümə ağlamışam.

– Ümumiyyətlə il ərzində nə qədər filmə, seriala çəkilirsiniz? Özünüz üçün statistika varmı?

– Vallah, həmkarlarım tez-tez zarafat edir ki, sən niyə ağlayırsan? Hamımızdan çox sən çəkilirsən.

Amma inanırsınız, 1 ay işləyirik, 5 ay bikar qalırıq. Bu reallıqdır. Yox, mən şükür eləyirəm. Narahat deyiləm. Əgər qıraqdan gəlir yerim olsa, stabilliyim olsa, heç korluq çəkmərəm. İldə bir bədii film düşə, çəkiləm, sevinərəm. Məsələn, indi Rusiyadan təklif almışam.

– Axı aktyor qıraqdan gəlirinin olmasını düşünməməlidir...

– Əlbəttə, düşünməməlidir. Amma Azərbaycan reallığı budur. Mənim ya sənətimdən elə gəlirim olmalıdır ki, normal dolanım və o sənətlə məşğul olum, ya da ümumən kənardan gəlirim olmalıdır. İyun ayında Sankt-Peterburqda yaxşı bir layihə gerçəkləşəcək. Mən də varam orada. Həmkarlarımızın illərdir, düşmək istədiyi proyektlərdəndir ki, mən düşmüşəm. Bu artıq Rusiyada çəkildiyim ikinci filmim olacaq. Sizi inandırım, oradan alacağım pulu indidən xərcləməyə başlamışam.

Burada məni əməlli-başlı gülmək tutur. Müsahibim də qarşılıq verir.

– ... Yəni belə. Reallıq budur. Gülək, keçək. Belə olan halda, məcbur qalırsan ki, nəyisə satasan, kreditə girəsən, sonra yenə kredit. Çünki lazımdır. Bunlar olmasa, çətindir. Məni vəziyyətdən onlar çıxarıb. Yaxşı, bəs bu sahədən normal gəlirim olsa, sataram? Kreditə girərəm? Yox, satmaram. Girmərəm. İndiki halda, nəyisə satmasan, kreditə girməsən, alınmır.

– Deyirsiniz, Rusiyadan təklif almısınız. Əvvəllər də başqa layihələrdə iştirak etmisiniz. Yaxud bizə yaxın Türkiyə kino sənayesi olsun. Müqayisə edəsi olsaq...

– Türkiyə ilə müqayisə etmək mümkün deyil. Türkiyə coğrafiya olaraq həm böyük ölkədir, həm də artıq dünyanın 125 ölkəsinə serial və film satır. Hələ mən təxmini altı-yeddi ilin statistikasından danışıram. Yaxşı gəlin baxaq, bizdə televiziya neçənci ildə yaranıb? 1956-cı ildə. Bəs Türkiyədə? 1974-də. Onlar bizdən 20 il geridə ola-ola artıq bizdən 20 ildən də çox qabaqdadırlar. İnkişaf ediblər.

– Çünki sistem düzgün qurulub.

– Bəli. Tamamilə. Ötən il mədəniyyətlə bağlı bir neçə forum oldu. Mən heç birində iştirak etmədim. Məndən ağıllı o qədər adamlar var... Mən kiməm ki, yaşlı, təcrübəli, o qədər böyük kino, incəsənət adamlarımız var. Amma yığışırlar bir yerə, illərdir, nəyisə həll edə bilirlərmi? Yox. Guya mən gedib nəyisə təklif etsəm, nə olacaq?

Xalq artisti Qurban İsmayılovun yaxşı bir təklifi var, məsələn. Xankəndidə regional teatr açılsın. Nə gözəl! Ay qardaş, burada 150 nəfər aktyora ştat verirsiniz, maaş verirsiniz, biri tamaşada nizə tutur, biri nə bilim, nə. 4 ildən bir səhnəyə çıxır, ya çıxmır. Bunların hamısı yaxşı aktyor deyil ki... Amma hamısına filan qədər maaş verirsiniz. Amma regional teatr inkişaf etdirilsə, bu sizi də xilas edər...

Söhbətimizin bu yerində Səmimi Fərhad fotoqrafımıza baxıb onun nəsə tanış gəldiyini deyir. Məlum olur ki, onlar, doğrudan da, tanışdılar. Müsahibəyə başlamağımızdan xeyli keçməsinə baxmayaraq, təzədən öpüşüb-görüşürlər. Söhbətlərinə müdaxilə etməsəm də, nəsə qalmaqal, mübahisə motivi hiss edirəm. Bu da növbəti sual üçün fürsət olur.

– Səmimi bəy, tez-tez adınız həmkarlarınızla – Hikmət Rəhimov, Abbas Qəhrəmanov kimi aktyorlarla qalmaqallarda hallanır.

– Mənim heç kəsdən gizlin sözüm, əməlim olmayıb. Həmkarlarımızın bəziləri yaxşını götürmür. Dəfələrlə olub ki, yanımda onun arxasınca danışıblar. Bunu tək mən eşitmirəm, orada səs rejissoru da eşidir, başqası da, o da, bu da. Bu şeyləri görürəm, dözə bilmirəm. Deyirəm, qurban olum, həyatda oynadığınız bu rolları, obrazı sənətə qoysanız, daha böyük uğur qazanarsınız. Bəzən baxırsan ki, həmin adamlar kinoda mənfi xarakter yaratmaqdan qaçır. Amma mən səni tanıyıram axı. Sən elə busan. Əslində, elə özünü oynamalısan. Oyna da. Sizə bir şeyi də deyim, bu adamlar əvvəlcədən kastinqə kimlərin gələcəyini də öyrənirlər. Sən bunu niyə öyrənirsən ki? Buna nə ehtiyac var? Hansısa əyalət aktyoru olsun, ya başqa tanınmış biri, lap belə Haluk Bilginer. Nə fərqi? Sənin öz işin var da. Bunları düşünürsənsə, qovursansa, bəs sənət? Bəs yaradıcılıq? Belə şeyləri deyəndə də oluram neqativ püskürən, qalmaqal sevən və sair.

Mən ssenarini bircə dəfə oxuyuram, ümumi vəziyyəti bilirəm. Aktyora nə lazımdır? Vəziyyət və münasibət. Başqa heç nə lazım deyil. Vəziyyət nəyi tələb edirsə, ona uyğun münasibət qurmalısan. Vəssalam. Mən belə düşünürəm. Motor verilən anda həmkarımla bağlı heç nə düşünə bilmirəm, özüm haqqında heç nə düşünə bilmirəm. Bu adamlarda elə deyil, fikirləri orada qalır, oradan ayrıla bilmirlər. Ədəbi materialın içinə girməlisən, aktyor olaraq sənin daxili monoloqun olmalıdır.

– Bəs rejissorlarla münasibətiniz necədir?

– Normal. Mənim problemim prodüserlərlə olub, o da pul üstündə. Və rejissora da xəbərdarlıq eləmişəm, demişəm ki, bax məni dəvət elədin, sağ ol, sənə dedim ki, mən o adamla işləmişəm, həmin vaxt çoxlu çətinliklər çəkmişəm. Tanıyıram, istəmirəm, bu adam bizim münasibətimizə girsin. Eləməyək, sağlıq olsun, başqa vaxt yaxşı iş olar, işləyərik. Belə olanda da işləmirlər mənimlə. Ona görə yox ki, mən problemli adamam, yox, ona görə ki mən problemi tapıb çıxarıram, göstərirəm.

– Aydındır. Səmimi bəy, son dövrlərin dəbidir ki, vayner və bloqerlər böyük filmə gəlirlər. Sizin münasibətiniz necədir?

– Normal.

– Normal?

– Bəli, tamamilə. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Gəlsinlər. Doğruldanı da var, doğrultmayanı da.

Niyə hər adam gəlib aktyor olsun ki? Buna nə ehtiyac var?

– Onlar filmə gəlsə belə, müəyyən işləri karikaturnu olur. Hamısını demirəm. Yəni zamanla proses özü tənzimlənir, ələnir.

– Bunu tamaşaçıların hamısı seçə bilmir axı...

– Qardaş, biz tamaşaçını çox zövqsüz qılırıq, tamaşaçı zövqsüz deyil, tamaşaçıya nə verirsən, odur. Onların zövqünü sən korlamısan artıq. O qədər bizim sahəyə aid olmayan adamlar var. Uğurlusu da olur, uğursuzu da. Yaxşı alınanı da olur, alınmayanı da. Hətta elə olur, 40 ildir, yer tutan rejissorlardan da yaxşı alınır, milyonluq büdcə ilə iş görüb üzünə-gözünə bulaşdıranlardan da. Dünənə qədər Emil Quliyev var idi? Beş-altı ildir də çıxıb Emil Quliyev. Adam işləyir. Nə deyəsən? Bunu bacarır da. Zövqü də var.

– Və rejissor təhsili də yoxdur...

– Hə, yoxdur. Emil bizim sahədən gəlməyib axı, başqa sahədən gəlib.

– Yəni onda belə çıxır ki, adam keyfiyyətli iş təqdim edirsə, o sahə üzrə təhsilə ehtiyac yoxdur?

– Yox, niyə yoxdur ki? Əlbəttə, var. Sadəcə, Emil bu sahəyə başqa sahədən gəlib və Emil, sözün yaxşı mənasında, inqilab eləyib. Bu sektorda inqilab eləyib. Artıq hamı Emillə rəqabət eləməyə başlayıb. Yaxud Elvin Rüstəmzadə var. Emil Quliyevdən yaşca kiçikdir, amma kino savadı, kino təhsili baxımından, sözsüz ki, daha savadlıdır. Demək istədiyim odur ki, keyfiyyətli rejissorlarımız var.

– Keyfiyyətli rejissorlarımız var, aktyorlar var, müəyyən ssenarilər də yazılır. Bəs niyə yaxşı film çəkilmir?

– Bu problemin kökünü 1 həftə də oturub dayanmadan danışsaq, həlli bir yana, heç tapa bilməyəcəyik.

– Aktyor və ədəbiyyat. Mütaliə edirsiniz?

– Düzü, mən bir az hövsələsiz adamam. Mütaliə bir yana, heç filmə də baxmağa hövsələm yoxdur. Bir də qorxuram.

– Nə mənada qorxursunuz?

– O mənada qorxuram ki, nəyisə oxuyaram, ya baxaram və o mənim təhtəlşüurumda qalar, sonra təkrarçılıq edərəm. Ona görə çalışıram ki, nə tapıramsa, nə eləyirəmsə, vəziyyətə uyğun öz münasibətimi sərgiləyim.

– Onda mütaliə etmirsiniz?

– Deyirəm axı, həvəsim olanda...

– Yaxşı, sualı daha konkretləşdirək: sonuncu dəfə hansı kitabı oxumursunuz?

– Yox, qardaş, sən məndən elə şeylər soruşma, yadıma düşməz, vallah. Oxumuşam, yarı-yarımçıq, hansısa tədbirdə kiminsə kitabı bağışlanır, vərəqləmişəm, baxmışam, sonra atmışam, qalıb.

– Bu mütaliə deyil axı...

– Nə bilim...

– Bəs heç ehtiyac hiss eləmirsiniz? Aktyor kimi mütaliəyə ehtiyac hiss olmur?

– Mütaliə ehtiyacı olmayan insan yoxdur. Kitabı başının altına qoyub yatan həmkarlarım var, amma icrada heç nə yoxdur.

– Filmlərə də baxmırsınız. Son dəfə...

– Yazıram, qısa metraj film ssenariləri yazıram.

– Çəkmisiniz o qısametrajlı filmləri?

– Çəkdiklərim də var, çəkmədiklərim də.

– Bir aktyor, məncə, davamlı olaraq mütləq filmə baxmalıdır.

– Kitabı deyə bilmərəm, amma axırıncı baxdığım filmi deyə bilərəm. “Dark” serialı. 3 sezon idi, hamısına baxdım.

– Başa düşdünüz?

– Beyin yandırıcıdır, razıyam, amma başa düşdüm. Başlığında bir müddət küsdüm, incidim, baxmadım. Amma sonra yenidən qayıtdım.

– Bəs, məsələn, son illərin Oskar filmlərinə baxmırsınız? Ən azından, səs-küy yaradanlara...

– Bilirsiniz, mənim janrım bir az fərqlidir. Bu cür janrda olan filmləri sevmirəm.

– Olsun sənət filmləri. Kann, Venesiya film festivallarında uğur qazanan filmlər.

– Məsələn, Nuri Bilge Ceylana baxıram. Çox uzağa getməyək, İran filmlərinə baxıram.

– Nuriyə baxmısınızsa, deməli, səbirli adamsınız. Nuriyə mən üç-dörd cəhddə baxıram.

– Mən fantastik və kəskin süjetli filmlərin səbirsiziyəm. Görürəm ki, burada filan səhnə filan şeyin xətrinə çəkilib. Ona görə də hövsələm çatmır.

– Səmimi bəy, deyirlər, aktyor teatrda cilalanmalıdır.

– Razıyam.

– Bəs siz teatrda cilalalanmısınız?

– Mən işləmişəm teatrda. Az olub, amma işləmişəm. 2000-ci ildən 2003-ə qədər. Sonra fasilə yarandı, 2008-ci ildə də yenidən bir müddət teatr fəaliyyətim olub.

– Hansı teatrda?

– Gənc Tamaşaçılar Teatrında.

– Bəs niyə davamlı olmadı ki?

– Vallah, nə deyim, o vaxt, yəqin, məni başa düşməyiblər, ya mən kimisə başa düşməmişəm. Bir az emosional adamam. Daha çox mənim adım dava-dalaşla hallanırdı.

– İndi də elədir.

– Hə, mənim adım həmişə söz-söhbətlə çıxıb. Sadəcə olaraq adam var ki, həzm eləyir, üzə gülür, mən elə eləyə bilmirəm. Həmin anda nə isə deməliyəm.

– İndiyə qədər çəkildiyiniz filmlərdə ən mükəmməl obrazınız hansı olub, sizcə?

– Buna aktyor olaraq heç vaxt qərar verə bilməzsən.

– Ümumiyyətlə özünüzdən razı qalırsınız?

– Hə, razı qaldıqlarım da olur, narazı da.

– Kino sektorunda həqiqi, səmimi dost dediyiniz adamlar var?

– Azdır, barmaq sayı.

Həmin adamların xahişi ilə hansısa rola qonorarsız çəkildiyiniz olub?

– O qədər olub ki... Səkinin qırağında dönər yemişik, oradan da durub işimizi görmüşük. Yəni hər şeyi pul həll eləmir. Yenə də deyirəm, üç manat da olsa, demişəmsə, mən o işi vicdanla görürəm, görməliyəm. Çünki tamaşaçıya maraqlı deyil ki, sən bu rol üçün pul almısan, ya yox, az almısan, ya çox. Tamaşaçı deyir ki, bu yaxşı oynadı, ya da pis oynadı. Vəssalam.

– Yaratmaq istədiyiniz obraz var?

– “Kefli İsgəndər” rolunu istəyirdim, amma mən bu rolu bu qədər səliqəli istəmirəm. Çünki kefli İsgəndər elə şeylər danışır ki, vallah, heç vaxt qoymazlar, yaşasın. Bunu maksimum bivec kimi göstərmək lazımdır. Bəhlul Danəndəni xilas edən onun Danəndəliyi yox, divanəliyi idi. Eləcə də kefli İsgəndəri elə təqdim etməlisən ki, onun bivecliyi və əyyaşlığı onu xilas eləsin.

– Bəs bizim kinonu nə xilas eləsin?

Bu sual söhbətimizi başa qaytarmağa, təzədən problemi axtarmağımıza rəvac verir. Amma artıq hava qaralır və külək də güclənir... Ona görə də hələlik sualı cavabsız qoyuruq...

Foto - İlkin Nəbiyev ©️ APA GROUP