Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə “Birxeber.Az”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saxta sənədlər hazırlamaqla çağırışçıların qanunsuz olaraq həqiqi hərbi xidmət keçməkdən yayınmalarını təşkil edən “The Times Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Ceyhun Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Ceyhun Hacıyevin ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq onların guya xarici ölkədə yerləşən ali təhsil müəssisələrində əyani şəkildə bakalavr və magistr təhsili almalarına dair saxta sənədlər hazırlamasına, habelə həmin şəxslərin sözügedən sənədlərdən istifadə edərək növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Ceyhun Hacıyevə Cinayət Məcəlləsinin 320.1 (hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama), 32.3, 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırmağa təşkilatçılıq etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.