Britaniya Ukraynaya yardım üçün yarım milyard funt sterlinq ayırır

Britaniya Ukraynaya yardım üçün yarım milyard funt sterlinq ayırır

Böyük Britaniya hökuməti Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) yardım etdiyini və 1 600 raket də daxil olmaqla rekord hərbi yardım paketini ukraynalılara təhvil verəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu qərar çərşənbə axşamı Böyük Britaniyanın Baş naziri Rishi Sunakın Polşaya səfəri zamanı rəsmi olaraq elan ediləcək, lakin hökumət bazar ertəsi bu barədə artıq bəyanat yayıb.

“Elan edilmiş 500 milyon funt sterlinqlik əlavə maliyyə […] təcili ehtiyac duyulan döyüş sursatlarının, hava hücumundan müdafiə vasitələrinin, dronların və mühəndislik vasitələrinin sürətlə çatdırılmasını dəstəkləyəcək. Dronlar Birləşmiş Krallıqda satın alınacaq”, – hökumətin press-relizində deyilib.

Britaniya Müdafiə Nazirliyi tərəfindən hazırlanan hərbi yardım paketinə, press-relizə görə, 1 600-dən çox zərbə və zenit raketləri, o cümlədən “Storm Shadow” qanadlı raketlərinin yeni partiyası, 60 qayıq və kater, 160 “Husky” zirehli avtomobili, 162 digər zirehli texnika, 78 yolsuzluq vasitəsi və dörd milyona yaxın patron daxildir.