Türkiyə ilə ABŞ arasında antiterror məsləhətləşmə toplantısı keçirilib

Türkiyə ilə ABŞ arasında antiterror məsləhətləşmə toplantısı keçirilib

Türkiyə və ABŞ nümayəndələri Ankarada terrorçuluqla mübarizə məsələləri üzrə məsləhətləşmələr aparıblar.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber”ə diplomatik mənbələrdən bildirilib.

Mart ayında Vaşinqtonda keçirilmiş Türkiyə-ABŞ Strateji Mexanizmində əldə olunan razılaşmaya uyğun olaraq, Türkiyə və ABŞ xarici işlər nazirliklərinin sədrliyi ilə Ankarada iki ölkə arasında Terrorla Mübarizə Məsləhətləşmələri keçirilib.

Terrorla Mübarizə Məsləhətləşmələri çərçivəsində ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə üzrə Koordinatoru səfir Elizabet Riçardın Türkiyəyə səfəri və səmimi fikir mübadiləsi müsbət qarşılanıb.

Xarici İşlər Nazirliyində Türkiyə və ABŞ-nin müvafiq qurumlarının iştirakı ilə keçirilmiş görüşdə PKK/YPG/PYD, DHKP/C, DAİŞ və FETÖ terror təşkilatları da daxil olmaqla, milli təhlükəsizliklə bağlı bir çox məsələlər müzakirə edilib.

Mənbələr bildiriblər ki, Türkiyə terrorçuluqla mübarizədə böyük təcrübəyə malik olan və bu mübarizəni qətiyyətlə davam etdirən bir ölkə olaraq terrorun bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq üçün müttəfiqləri və terrorla mübarizədə qərarlı bütün ölkələrlə səmimi əməkdaşlığını davam etdirəcək.